Rauf Babayev: “Təəssüf ki, o illər çox geridə qalıb. İndi o günləri…”- MÜSAHİBƏ
60-70-ci illərdə dörd nəfərdən ibarət bir qrupun səsi sovet ittifaqın hər yerinə yayılmışdı. Teymur Mirzəyev, Arif Hacıyev, Rauf Babayev, Lev Yelisovetski və onları birləşdirən \"Qaya\". Dörd gənc kvartet yaratmaqla tarixə düşürlər. Əfsanəvi \"Qaya\" minləri, milyonları öz əks-sədasının cazibəsinə saldı. Bütöv bir dövrün tarixini, mədəniyyətini əks etdirən bir cazibənin... 1967-ci ildə oğlanlar filarmoniyanın nəzdində öz ansambllarını yaradırlar. Ansambla ad qoymaq məqamı gələndə - kimin təklif etdiyi yadlarında deyil - \"Qaya\" üzərində dayanırlar. Niyə məhz \"Qaya\"? Külək dəniz sahilindəki qayalara çırpılanda əks-səda verir. Elə bir əks-səda ki, onun cazibəsindən çıxmaq çox çətin olur.
SİA-nın qonağı isə qrupun yaradıcılarından hesab olunan xalq artisti Rauf Babayevdir…
- İlk olaraq əfsanəvi "Qaya" qrupunun yaranma tarixinə nəzər salaq…
- Bir-birimizi hələ Asəf Zeynallı adına musiqi məktəbindən tanıyırdıq. O vaxtlar Bakıda \"çoxsəsli oxuyan qruplar\" yox idi. Bir dəfə Teymur təklif etdi ki, gəlin sınayaq, bəlkə, nəsə alındı. Və başladıq müxtəlif gecələrdə, mədəniyyət evlərində çıxış etməyə. 60-cı illərdə caz Bakıda çox dəbdə idi. Biz də cazpərəst idik, cazı çox sevirdik və əsasən də, caz oxuyurduq. Təbii ki, ingiliscə yox, çünki icazə vermirdilər. Tale elə gətirdi ki, konservatoriyada da bir yerdə oxumalı olduq. Mən simfonik orkestrdə zərb alətlərinin ifaçısı, Arif və Teymur xor dirijoru, Lyova isə nəzəriyyəçisi idi. Tez-tez konservatoriyada da çıxış edirdik. Məşq etməyə yerlərimiz belə yox idi. Harada olsa, bir yerə yığılardıq. Əksər vaxtlar axşamlar Rus Dram Teatrının qarşısında görüşüb bulvara gedərdik. Böyük səhnəyə 1961-ci ildə gəldik. Bir gün Rauf Hacıyev bizi Azərbaycan Dövlət Estrada Orkestrində işləməyə dəvət etdi. Mənim fikrimcə bizi Bakıdan daha çox Moskvada, Leninqradda tanıyırdılar. 1972-ci ildə \"Qaya\" öz şou-proqramını hazırladı. Proqramın ssenarisini yazmaq üçün Moskvanın məşhur teatr rejissoru Mark Razovski və Yuli Qusman Bakıya dəvət edildi. \"Qaya\" öz tərkibinə iki qadın - Qala Barinova ilə Tamilla Ağəliyevanı da daxil edir. Bu illər ərzində 40 ölkəni gəzdik. Afrikanın, demək olar ki, bütün ölkələrində çıxış etmişik. İndiki CAR-da SSRİ-dən ilk dəfə olaraq, biz çıxış etmişik. Bütün ölkələrdə çıxış etmək bizə zövq verirdi. Xüsusi ilə də, Kubada. Çünki kubalılar kimi oynaq xalq, bəlkə də bütün dünyada yoxdur.
Təəssüf, təəssüf ki, o illər çox geridə qalıb. İndi o günləri, həyatımın ən xoş anlarını ancaq yada salıram.
- İndiki bəstəkarların bəstələri sizi qane edirmi?
- İndi kim gəldi oxuyur, kim gəldi mahnı bəstələyir. Niyə indiki mahnıları heç kim yadında saxlaya bilmir? Baxmayaraq ki, o vaxt caza qulaq asırdıq, ancaq bütün Azərbaycan mahnılarını bilirdik. Çünki bizim zamanımızda bütün bəstəkarlar dahi idi. Azərbaycan mahnılarını ilk dəfə çox səsli olaraq biz ifa etmişik. O zamankı bəstəkarların yanına gedib mahnıları almırdıq. İndiki dövrün tələbi isə budur. O zaman mahnıları bəstələyib bizə verirdilər ki, təki oxuyaq. Həmin bəstəkarın mahnısı bütün SSRİ-də səslənirdisə, o zaman ona qonorar gəlirdi. Bu gün mahnı bəstələyən zaman onun melodiyasına fikir vermirlər. İndi ancaq gurultulu mahnılar dinlənilir. İndiki gənclərdən sonuşsan ki, Cövdət Hacıyev kimdir, bilməyəcəklər. Bu gün çox konsert görürsünüz Bakıda? Cavan müğənnilər pul qazanmaq üçün bəs hara getsinlər? Bu gün çox çətindir. Estrada biz də pis günə qalıb. Yazığım gəlir indiki cavanlara.
- İndiki "Qaya" qrupundan razısınızmı?
- İndiki zəmanə də fərli oxuya bilən tapmaq çox çətindir. İndiki gənclər müəyyən müddətdən sonra toy repertuarı hazırlayır. Ancaq bizim qrupumuz repertuar hazırlamır. Çox az hallarda "Qaya"nı toya dəvət edirlər. Həmin insanlar da təbii ki, ancaq \"Qaya\"nın mahnılarına qulaq asmaq istəyirlər. Gərək qastrollara çıxasan ki, səni tanısınlar. İndi demək olar ki, türklərə qulaq asırlar. Biz o zaman türklərə gülürdük. Onların musiqisi ilə bizim musiqimizi bir etmək olar? Qoy, onlar da bizim musiqiləri ifa etsinlər də. Orada ancaq köhnə bəstəkarlarımızı tanıyırlar.
- 50 illik yubileyinizə həsr olunan konsert gözlədiyiniz kimi alındımı?
- Gözlədiyimiz kimi deyəndə ki, insanların bizi alqışlamaları lap ürəyimdən oldu. Buna baxmayaraq çox şeyi edə bilmədim. Çünki bir çox tanışlarımız gələ bilmədi. Buradan xüsusi müxbir Moskvaya getmişdi. Geri qayıdanda dedi ki, həmin məşhurları tapmaq çox çətin olur, ancaq qrupunuzun adını verən kimi hamı razılaşırdı. Nani Briqvadze Moskvada idi, gələ bilmədi. Nazirliyə demişdim ki, həmin inanlarla gərək bir il bundan əvvəl əlaqə saxlanardı. Biz burada boş oturmuşuq. Ancaq onlar yaradıcılıqla məşğuldurlar. Bütün bunlara baxmayaraq 50 illik yubiley konsertində şahidi oldunuz da necə gözəl keçdi. Mənə konsetdən sonra da tanımadığım insanlar zəng vurub deyirdilər ki, Bakıda bu günə qədər belə möhtəşəm konsert görməmişdik. Səhnənin quruluşu belə insanı valeh edirdi.
- Keçən il "Eurovision" mahnı müsabiqəsinin milli seçim turları üzrə münsif üzvü kimi iştirak etmişdiniz. Seçimlərdəki şərtlər sizi qane edirmi?
- Gələn il Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçı gənc olmaqla yanaşı, peşəkarlığı ilə də seçilməlidir. Biz "Eurovision" mahnı yarışmasına toy repertuarı ilə çıxa bilmərik. Çünki orada müğənni, ifaçı musiqi, performans nümayiş etdirməlidir. Keçən il seçimlər zamanı Nigar Camalla, Eldar Qasımovun birgə ifasının yaxşı alınacağını bildirmişdim. Hər iki müğənni ayrı-ayrılıqda birincilik qazana bilməzdi. Onların birgə çıxışı istənilən nəticəni verdi. Ümumiyyətlə, müsabiqənin SMS səsverməsi ilə keçirilməsi düzgün deyil. Belə bir seçim növü peşəkarlıq və obyektivlik baxımından düzgün deyil. Çünki məhz həmin səsverməyə görə, çox vaxt layiqli ifaçılar onluğa belə düşə bilmirlər. \"Eurovision\"a göndərəcəyimiz iştirakçı ilə ayrıca məşğul olmaq lazımdır. Azəri star nə deməkdir? Yəni həmin kəs Azərbaycanın starıdır və onu elə bir yarışmaya göndərmək olar. Ancaq bizdə 6 ay tanınırlar toylara gedirlər və sonra da yarışmalara qatılırlar.
- "Qaya" qrupunu bu müsabiqə üçün hazırlayarsınız?
- Çünki bu müsabiqə mənim üçün deyil. Burada hər ölkə sms-lə qalibi müəyyənləşdirirlər. Bununla yanaşı, bugünkü musiqini bilmirəm, mənim zövqüm başqadır. Mən oxuyan mahnılar bu gün müsabiqə üçün keçərli deyil. Müsabiqələr bizim vaxtın yarışmaları kimi deyil. Sms-lə yaxşı ifaçı seçmək olmaz. Bütün ölkərdə beynəlxalq və peşəkar münsif heyəti iştirak etməlidir. Hər şey pulla ölçülür.
- Bəlkə də mili ornamentlərimiz orada yaxşı təbliğ olunmur ona görə?
- Bax, bu da düzgün deyil. Keçən il ermənilərin müsabiqədə milli ornamentləri ilə çıxışı xoşuma gəlmədi. Nə vaxtsa ermənilərin bizim musiqiləri özlərinki kimi qələmə verirlərsə, o zaman biz onların üzərinə getməkdənsə əslində deməliyik ki, görün biz nə qədər inkişaf edibdə belə təkrarolunmaz əsərlər yaradırıq ki, bizim məhsulumuzdan istifadə edirlər.
- Bəlkə də ola bilsin ki, özümüzün dahi sənətkarlarımıza layiqli qiymət verilməməsindən irəli gəlir?
- Belə düşünmürəm. Sadəcə bizim dahi sənətkarlarımız o qədər çoxdur ki, say baxımından onları unudurlar. Bizim millət bu sahədən talantlıdır. Vaqiflə Nizaminin kim olduğunu burada bilmirlər. Ancaq bu dahilərin adları ABŞ ensiklopediyalarının ilk səhifələrdə adları çəkilir. İlk ölkədir ki, Azərbaycan burada sənət adamlarına prezident təqaüdü verilir. Şəhərimi çox sevdiyimə görə də başqa ölkəyə getməmişəm.
- İndi yaranan qruplar mövcud olan şəraitə baxmayaraq uzun müddətli olmurlar. Buna səbəb nədir? Baxmayaraq ki, 60-80-ci illərdə bütün çətinliklərə rəğmən "Qaya" qrupu 20 il ayaqda dura bilmişdi...
- Niyə uzun müddət davam gətirə bilmirlər sualına cavab tapmaq çətindir. İndiki cavanlar daha çox dedi qodu ilə bir- biri ilə yola getmirlər. Bu gün hansısa müğənnilər bir- biriləri ilə öpüşüb- görüşürlər, sabah isə saçlarını yolurlar. Biz də indi tanınmış insanların avtobusa minməsi gülüş obyektinə çevrilir. Gərək insanlar sənə baxıb atdığın addımlara görə də qiymət versinlər.
- "Qaya" qrupu niyə möhkəmliyini qoruya bilmədi?
- Fəaliyyətə başlayandan sonra nə vaxtsa dağılacağını söyləmək və sonrasının nə olacağını demək çox çətind idi. Qrupumza oxuyan Levin həyat yoldaşı xəstələndi. Moskvaya getdi orada da yoldaşı rəhmətə getdi. Teymur Mirzəyevin də anası xəstə idi. İsrailə getdi və orada qaldı. Elə şeylər də var ki onları demək olmur. Daha sonra SSRİ dağıldıqdan sonra qastrollara gedə bilmədik. Axı biz qastrolllara gedən qrup idik. İlin 8 ayını qastollarda idik. Heç bir yerə bilmədiyimizə görə də işlər olmadı. 80-ci illərdə \"Qaya\"nın tərkibi tez-tez dəyişdi. 1985-ci ildə isə \"Qaya\"nın nəzdində Caz və kamera orkestri yaradıldı və \"Qaya\" estrada simfonik dövlət ansamblı adlandı. Bir müddətdən sonra isə ansamblın nəzdində \"Talisman\" adlı rok-qrup da formalaşdı. Ansamblda müxtəlif vaxtlarda Abbas Əhməd, Eldar Rzaquluzadə, Rüfət Babayev, Əzizə Mustafazadə, Fuad Babayev, Aygün Kazımova və başqaları fəaliyyət göstərirdilər. Tofiq Quliyev, Fikrət Əmirov, Rauf Hacıyev, Vasif Adıgözəlov, Oqtay Zülfüqarov, Fərəc Qarayev, Əziz Əzizov, Tofiq Babayev kimi bəstəkarlarla çalışan \"Qaya\" fəaliyyətinə 88-ci ildə nöqtə qoydu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB