Bakıda V Beynəlxalq Mstislav Rostropoviç festivalının açılış mərasimi keçirilib- FOTO

Bakıda V Beynəlxalq Mstislav Rostropoviç festivalının açılış mərasimi keçirilib- FOTO
Bu gün Heydər Əliyev Sarayında V Beynəlxalq Mstislav Rostropoviç festivalının təntənəli açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və festivalın bədii rəhbəri, Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç çıxış ediblər.


Əbülfəs Qarayev çıxışında bildirib ki, festivalın əsas məqsədi M.Rostropoviçin vətənində dünyanın tanınmış incəsənət ustalarının çıxışlarını təşkil etməkdir: \"Beynəlxalq festival hər il dekabr ayında ölkəmizin paytaxtında əsl musiqi bayramı kimi təşkil edilir. Yeddi gün davam edəcək festivalda dünyanın məşhur musiqiçiləri və musiqi kollektivləri iştirak edəcəklər\".


Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç isə vurğulayıb ki, Bakıda beynəlxalq musiqi festivallarının keçirilməsi atasının arzusu olub və o, 2006-cı ildə Dmitri Şostakoviçin 100 illiyinə həsr olunmuş festivalı təşkil etməklə bu gözəl ənənənin bünövrəsini qoyub: \"Mstislav Rostropoviç festivalı Bakıda 2007-ci ildən ən yaxşı teatr və konsert zallarında keçirilir və ənənəvi olaraq dünyanın müxtəlif ölkələrindən görkəmli ifaçıları öz ətrafında toplayır. Festivalın əsas konsepsiyası hər bir ifanın yüksək keyfiyyətidir\".


Festivalın açılış mərasimində Flamand Operasının Simfonik Orkestrinin ifasında dünya klassiklərinin əsərlərindən parçalar səsləndirilib. Orkestrin bədii rəhbəri və baş dirijoru Dmitri Yurovski, solisti isə Georq Niql (Avstriy) olublar. Konsert çox böyük maraqla qarşılanıb.


Məlumat üçün bildirək ki, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə keçirilən festivalın bədii rəhbəri Olqa Rostropoviçdir.


Qeyd edək ki, festival Lourens Fosterin dirijorluğu ilə dünyanın ən yaxşı musiqi kollektivlərindən olan Paris Kamera Orkestri solistlərinin konserti ilə yekunlaşacaq.


\"\"


Bütün xəbərlər Facebook səhifəmizdə