“Buta” “Ən yaxşı uşaq filmi” nominasiyasında - FOTOSESSİYA

“Buta” “Ən yaxşı uşaq filmi” nominasiyasında - FOTOSESSİYA

Avstraliyanın Kvinslend şəhərində keçirilən V Asiya-Sakit Okean Kino Akademiyası ilin mükafat sahiblərinin adlarını açıqladı. Avstraliyada keçirilən mərasimdə "Ən yaxşı uşaq filmi" nominasiyasında "Buta" filminin qalib çıxdığı elan olunub.

SİA-nın məlumatına görə, bu münasibətlə bu gün M. F. Axundov adına Milli Kitabxanada mətbuat konfransı keçirilib. Konfransda Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov bildirib ki, bu il nazirliyin sifarişi ilə çəkilən "Buta" bədii filmi "Azərbaycanfilm" kinostudiyası və "Buta-film" Prodüser Mərkəzinin birgə istehsalıdır. Y. Şeyxov qeyd edib ki, film yaxın vaxtlarda Sumqayıt, Abşeron, Zaqatala və Şabranda nümayiş olunacaq. Məktəblilərin yay tətili günlərində isə "Nizami" kinoteatrında göstəriləcək.

Filmin quruluşçu rejissoru İlqar Nəcəf bildirib ki, akademiyaya 230 film təqdim olunub, onlardan 37-si müsabiqə üçün seçilib. "Buta" isə 6 film arasından "Ən yaxşı uşaq filmi" seçilib. Rejissor filmin əsas qəhrəmanı Buta obrazına azyaşlı Tofiq Əliyevin necə seçildiyindən də danışıb: "Tofiq kastinqlərin sonunda gəldi. Dərhal da bizi heyrətləndirə bildi".

Baş rolun ifaçısı, xalq artisti Rafiq Əzimov da Tofiq Əliyevin istedadına məftun olduğunu deyib\\.

Tofiq Əliyev də filmə sevə-sevə çəkildiyini söyləyib. Amma hələ ki, bu istedadlı uşağın aktyor olmaq fikri yoxdur. O, hərbi həkim olmaq arzusundadır.

Konfransda o da vurğulanıb ki, artıq İlqar Nəcəf və Xamis Muradov Asiya-Sakit Okean Kino Akademiyasının Azərbaycandan ilk üzvləri seçilib.

Qeyd edək ki, "Buta" filminin quruluşçu rejissoru İlqar Nəcəf, ssenari müəllifi İlqar Nəcəf, və Ramiz Fətəliyev, prodüserləri Xamis Muradov, İlqar Nəcəf, operatoru Georgi Beridze, rəssamı Əziz Məmmədov, bəstəkarı Cavanşir Quliyevdir. Rollarda Rafiq Əzimov, Tofiq Əliyev, Elnur Kərimov, Ləman Nəbiyeva, Arzu İsayeva, Mirmöhsün Mirzəyev, Bahadur Səfiyev, Kimyaxanım Daşdıyeva, Süleyman Nəcəfov və başqaları iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə