\"Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah” Gəncədə

\"Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah” Gəncədə

Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında M.F.Axundzadənin \"Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah caduküni-məşhur\" komediyası əsasında hazırlanan tamaşaya ictimai baxış keçirilib. Bu barədə SİA-ya teatrın baş rejissoru Gümrah Ömər məlumat verib.

Onun sözlərinə görə, tamaşa görkəmli ədib M.F.Axundov 200 illik yubileyinə həsr olunub: "Mən bu tamaşada faktı konstatasiya etmişəm və qəti ehkamlar irəli sürməkdən çəkinməyə çalışmışam. Bəli, Azərbaycan ailəsində, həqiqətən də, yararsız, köhnəlmiş ənənələr az deyil. Amma bu gün qloballaşma devizi altında itirdiyimiz bir çox gözəl dəyərlər də var",- deyə G.Ömər deyib.

Tamaşanı izləyənlər arasında Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov və teatrşünas Məryəm Əlizadə də olub. Tamaşa teatr ictimaiyyəti və jurnalistlər tərəfindən böyük maraqla qarşılanıb. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru Gümrah Ömər, quruluşçu rəssamı əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssamı isə Leyla Əliyevadır.

Tamaşada xalq artisti Pərvanə Qurbanova (Şəhrəbanu xanım), əməkdar artist İlham Hüseynov (Müsyö Jordan), aktyorlar Eldəniz Tağıyev (Hatəmxan ağa), Elxan Abbasov (Dərviş), aktyorlar Günay Verdiyeva (Şərəfnisə), Ləman Yusibova (Gülçöhrə), Elşad Əhmədov (Şahbaz bəy), Rəhilə Məmmədova (Xanpəri) və Rauf Hüseynov (Qulaməli) çıxış ediblər.

Onu da qeyd edək ki, Gəncə teatrı "2+1" Eksperimental Teatr Festivalında da iştirak edib. Gümrah Ömərin sözlərinə görə, teatr məxsusi olaraq festival üçün Kamal Abdullanın "İstintaq" hekayəsi əsasında "Sərgərdan" adlı yeni tamaşa hazırlayıb.

Tamaşa Gəncə Dövlət Dram Teatrının gənc və istedadlı aktyoru Elşad Əhmədovun quruluşunda hazırlanıb. Tamaşanın quruluşçu rəssamı Hidayət Məmmədxanov, bədii rəhbəri Gümrah Ömərdir. Elşad Əhmədov tamaşanın janr təyinini dramatik zikr kimi müəyyənləşdirib. Səhnə əsərində Günay Verdiyeva, Şəlalə Rüstəmova və Salamulla İsmayılov çıxış ediblər.

Bakıda isə tamaşa Azərbaycan Teatr Xadimləri İttifaqının tamaşa salonunda nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə