Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Sevil Xəlilova dünən gecə 58 yaşında vəfat edib. SİA-nın məlumatına görə, aktrisanın ölüm səbəbi hələ dəqiq məlum deyil.
Aktrisa ilə vida mərasimi bu gün saat 14.00-da yaşadığı mənzildə olacaq.
Qeyd edək ki, Sevil Rza qızı Xəlilova 10 yanvar 1953-cü ildə Bakıda anadan olub. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası nəzdindəki "kino aktyoru" kursunun axşam şöbəsində (1969-1970) təhsil alıb, 1970-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino aktyorluğu fakültəsinə daxil olub. Hələ tələbə ikən Akademik Milli Dram Teatrında N.Hikmətin "Şöhrət və ya unudulan adam" psixoloji dramını tamaşaya hazırlayan H.Salayevin dəvəti ilə bu əsərdə Professorun qızı rolunu ifa edib. Aktrisa 1974-cü ildən təyinatla Akademik Milli Dram Teatrında işləməyə göndərilib. Ötən illər ərzində milli və dünya klassiklərinin, müasir Azərbaycan və əcnəbi dramaturqların əsərlərinin tamaşalarında oynayıb. "Kölgələr pıçıldaşır"da Çeşmə, "Şəhərin yay günləri"ndə Qumru, "Dəli yığıncağı"nda Zəvvar, "Əliqulu evlənir"də Humay, "Kimdir haqlı?"da Məlahət, "Büllur sarayda"da Səadət, "Təhminə və Zaur"da Mədinə, "Üç quruşluq opera"da Kitti, "Nişanlı qız"da Zərifə, "Vaqif"də Gülnar, "Fedra"da Enona, "Poçt şöbəsində xəyal"da Züleyxa, "Köhnə ev"də Mələk, "Hərənin öz payı"nda Xədicə xala, "Afət"də İlçay, "Dirilən adam"da Telli, "Ölülər"də Məşədi Orucun anası, "Ölüləri qəbiristanlıqda basdırın"da Güləndam, "Eloğlu"da Cəvahir xanım və s. Rollarını ifa edib.
Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı tamaşalarda da maraqlı obrazlar yaradıb.
Sevil Xəlilova teatr sənətindəki xidmətlərinə görə 1986-cı il iyun ayının 23-də Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 24 dekabr 2002-ci ildə isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB