\"2+1\"

Bu gün Teatr Xadimləri İttifaqında ötən həftə Bakıda keçirilən "2+1" Eksperimental Teatr Festivalının nəticələrinə həsr olunan dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov festival çərçivəsində 9 teatr kollektivinin ifasında 14 tamaşanın nümayiş olunduğunu bildirib.


İttifaq sədri festival çərçivəsində iki gün qaz olmaması səbəbindən problemlərin ortaya çıxdığını da qeyd edib: "Festivalın əhəmiyyəti onun keçirilməsindədir. Çünki uzun müddət idi ki, bu cür festival keçirilmirdi və biz uzun illərdən sonra bu ənənəni bərpa etdik. Hər bir yaradıcı insan yeni söz deməyi bacarmalıdır, əks təqdirdə, onun inkişaf etməsi çətin məsələdir. Doğrudur, festival çərçivəsində tamaşaların nümayiş olunduğu zal soyuq idi, iki gün qazın olmaması isə ümumiyyətlə işi çətinləşdirdi. Amma biz çətinliklərə baxmayaraq, festivalı başa çatdırdıq".


Dəyirmi masada vurğulanıb ki, festival çərçivəsində 16 tamaşa göstərilməli olsa da, Bakı Uşaq Teatrının Beynəlxalq festivalda iştirak etməsi səbəbindən tamaşaların sayı 14 olub. Eyni zamanda festival çərçivəsində Teatr Xadimləri İttifaqının binasında nümayiş olunmalı olan Yuğ Teatrı "Tabu" tamaşası texniki avadanlıq səbəbindən tamaşanı öz binasında göstərməli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə