“Mayak” filminin çəkilişləri başa çatıb- FOTOSESSİYA

“Mayak” filminin çəkilişləri başa çatıb- FOTOSESSİYA

"Mayak" qısametrajlı bədii filminin çəkilişlərini başa çatıb. Filmin rejissoru Fariz Əhmədov SİA-ya bildirib ki, çəkilişlər Bakı şəhərində 11 gün ərzində yekunlaşıb.

Onun sözlərinə görə, hazırda film montaj prosesindədir: \"Ekran əsərinin süjet xətti hərbçi ata ilə narkoman oğul arasında yaşanan konflikt üzərində qurulub. Uzun müddət tənha adada vəzifə borcunu yerinə yetirən ata – Ənsari illər öncə çətin xarakteri üzündən ailəsindən ayrılıb. Tərsliyi və qüruru ona yalnız ikinci dəfə ailə qurmuş keçmiş həyat yoldaşı –Gülzarla deyil, oğlu ilə də maraqlanmağa mane olur. Amma günlərin bir günü Gülzar ona çoxdandır narkomaniyaya bulaşmış oğulları Akifin ölümlə üz-üzə olduğunu bildirir. Ənsari oğlunu məcburən yanına gətirir və onu kimsəsiz adada, həkimsiz, öz hərb qanunlarına uyğun müalicə etməyi qarşısına məqsəd qoyur. Hər şey də burdan başlayır".

Rejissorun sözlərinə görə "Orman Production" da istehsal olunan filmin ilin sonunacan tamamlanması gözlənilir.

Filmdə əsas rolları Məmməd Səfa, ƏR-Toğrul, Gülzar Qurbanova canlandırıb. Filmin ssenari müəllifi Esmira Eyyub, quruluşçu operatoru Nizami Abbas, rəssamı İbrahim Əminov, bəstəkarı Rauf Əliyev, produserləri Rəşad Qasımov və Rasim Salmanovdur.

Qeyd edək ki, "Mayak" Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Bu meydan, bu ekran-2011" müsabiqəsinin qalib kinolayihələrindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə