“Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar mehmanxana işçiləri üçün kurslar keçiriləcək

“Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar mehmanxana işçiləri üçün kurslar keçiriləcək
Mədəniyyət və Turizm Nazirliyi TİKA və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə mütəmadi olaraq respublikamızın turizm sektorunda çalışan mütəxəssislər üçün yemək-içmək servisi və mehmanxana xidməti üzrə təlim-tədris kursları təşkil edilir. Təlim-tədris kursları ölkə başçısının Azərbaycanda 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planını xüsusi bəndinə əsasən həyata keçirilir.

Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən SİA-ya verilən məlumata görə, kursların uğurlu nəticələr verdiyini və növbəti ilin may ayında "Eurovision-2012" mahnı müsabiqəsinin Bakı şəhərində keçiriləcəyini nəzərə alaraq, növbəti dəfə bu gündən etibarən 5 günlük təlim-tədris kurslar keçiriləcək. Son illər daxili turizm bazarının daha da genişlənməsi və tələbatın artması respublika ərazisində turizm infrastrukturunun güclənməsinə gətirib çıxarıb. Buna baxmayaraq, bu müəssisələrdə çalışanların, əsasən də masa xidmətçiləri, qeyd-qəbul, idarəçilik və xadiməçilik sahələrində xidmət səviyyəsinin artırılmasına ehtiyac var.

Təlim-tədris kurslarında əsasən mehmanxana idarəçiləri, qeyd-qəbul, masa xidməti, xadiməçilik üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edəcək.
Kurslar Azərbaycan Turizm İnstitutunda təşkil olunacaq və noyabrın 25-də kurslarda iştirak edən dinləyicilərə sertifikatların verilməsi ilə başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə