Bakıda V Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək
Heydər Əliyev Fondunun, Mstislav Rostropoviç Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dekabrın 4-dən 10-dək Bakıda V Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək.
SİA-nın məlumatına görə, festivalın bədii rəhbəri Olqa Rostrovopiçdir. Onun sözlərinə görə, Bakıda beynəlxalq musiqi festivallarının keçirilməsi atasının arzusu olub və o, 2006-cı ildə Dmitri Şostakoviçin 100 illiyinə həsr olunmuş festivalı təşkil etməklə bu gözəl ənənənin bünövrəsini qoyub.
Mstislav Rostropoviç festivalı Bakıda 2007-ci ildən ən yaxşı teatr və konsert zallarında keçirilir və ənənəvi olaraq dünyanın müxtəlif ölkələrindən görkəmli ifaçıları öz ətrafında toplayır. Festivalın əsas konsepsiyası hər bir ifanın yüksək keyfiyyətidir.
Bu il keçiriləcək festivalda Viktor Tretyakov, İqnat Soljenitsın, Jan İv Tibode (fortepiano, Fransa), Georq Niql (bariton, Avstriya), Dmitri Yurovskinin dirijorluğu ilə Flamand Opera Teatrı (Antverpen) kimi dünyanın məşhur musiqiçiləri və musiqi kollektivləri iştirak edəcəklər.
Festivalda, həmçinin Mstislav Rostropoviç adına Nijeqorod Dövlət Akademik Filarmoniyası Simfonik Orkestrinin Aleksandr Skulskinin dirijorluğu ilə geniş konsert proqramı təşkil olunacaq.
Bakı festivalının daha bir ənənəsi böyük Mstislav Rostropoviçin davamçıları olan istedadlı gənclərin çıxışlarıdır. Bu dəfə yaradıcı gəncliyi Mstislav Rostropoviç Fondunun təqaüdçüsü Vsevolod Quzov (violonçel), Qalina Vişnevskaya Opera Mərkəzinin solistləri, Poznanda keçirilən H.Venyavski adına 14-cü beynəlxalq skripkaçılar müsabiqəsinin qalibi So-Yanq-Yunq (Koreya Respublikası) təmsil edəcəklər. Möhtəşəm festivalda əməkdar artist Murad Adıgözəlzadə, həmçinin Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışları nəzərdə tutulub.
Festival Lourens Fosterin dirijorluğu ilə dünyanın ən yaxşı orkestrlərindən olan De Pari Orkestrinin solistlərinin konserti ilə yekunlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB