50 illik \"Qaya\"

ydər Əliyev Sarayında əfsanəvi "Qaya" kvartetinin 50 illik yubileyinə həsr olunan yubiley gecəsi keçirilib. SİA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, digər rəsmi şəxslərin, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbirdə ilk olaraq "Qaya"nın veteranları, xalq artistləri Rauf Babayev və Teymur Mirzəyev qonaqları salamlayıblar.


Tədbirdə "Qaya" kvartetinin keçdiyi sənət yolundan, musiqi mədəniyyəti tariximizdəki yerindən və Azərbaycan estrada musiqisinin inkişafında rolundan söz açılıb. Bildirilib ki, ötən əsrin 60-80-ci illərində Bakı estradasının ən məşhur qruplarından hesab olunan "Qaya" kvarteti Azərbaycan musiqisinin, mədəniyyətimizin ölkəmizdə və xaricdə təbliğində, tanıdılmasında mühüm rol oynayıb.


Arif Hacıyev, Teymur Mirzəyev, Lev Yelisavetski və Rauf Babayevdən ibarət qrupun repertuarına Azərbaycan, rus, ingilis, ispan və digər dillərdə mahnılar daxil idi. Fikrət Əmirov, Tofiq Quliyev, Rauf Hacıyev, Vasif Adıgözəlov, Fərəc Qarayev və Tofiq Babayev kimi görkəmli bəstəkarlar məxsusi olaraq "Qaya" kvarteti üçün mahnılar yazıblar.


Tədbirdə Arif Hacıyevin xatirəsi yad edilib, hazırda ABŞ-ın Nyu-York şəhərində yaşayan, səhhətinə görə Bakıya gələ bilməyən Lev Yelisavetskinin video təbriki çatdırılıb. Rusiyanın tanınmış incəsənət adamlarının "Qaya" kvarteti haqqında ürək sözlərini, kvartetin fəaliyyətini əks etdirən videofilm maraqla seyr edilib.


Tədbirdə Rauf Babayevin "Qaya" kvartetinin ənənələrinin yaşadılmasında fəaliyyəti də diqqətə çatdırılıb. Vurğulanıb ki, XX əsrin 90-cı illərinin ortalarında R.Babayev "Qaya"nın repertuarındakı mahnıları ifa edən "Bəri bax" uşaq qrupunu yaradıb. Onun rəhbərliyi ilə 15 il əvvəl yaradılan gənclərdən ibarət yeni "Qaya" qrupu isə bu gün də öz fəaliyyətini uğurla davam etdirir.


Tədbirdə əməkdar artist Sərxan Sərxan "Qaya" kvartetini yubiley münasibətilə təbrik edib, özünün bəstələdiyi "Ay gecikən məhəbbətim" və "Zdrastvuy, qorod moy, Baku" mahnılarını ifa edib.


Gənc pianoçu Emil Əfrasiyaboğlu "Qaya" kvartetininə ürək sözlərini bildirmiş və "İki dünya" adlı kompozisiyasını təqdim edib.


Yeni "Qaya" qrupunun ifasında mahnılar, Bakı bulvarını xatırladan səhnə tərtibatı gecəyə rəngarənglik qatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə