Rus Dram Teatrında “Şekspir” tamaşası nümayiş olunub- FOTO

Rus Dram Teatrında “Şekspir” tamaşası nümayiş olunub- FOTO

Azərbaycan Dövlət Rus Dram Teatrında tanınmış Azərbaycan yazıçısı Elçin Əfəndiyevin "Şekspir" pyesi üzrə ekssentrik komediya göstərilib. SİA-nın məlumatına görə, tamaşa Moskvanın "Dərviş-teatrı"nın quruluşunda təqdim edilib.


Bu əsər ilk dəfə "ÜNS" teatrında tamaşaya qoyulub. Tamaşanın nümayişində iştirak edən E.Əfəndiyev jurnalistlərlə söhbətində qeyd edib ki, o, "Şekspir" komediyasını xüsusi olaraq "ÜNS" teatrının səhnəsi üçün yazıb. Müəllif vurğulayıb ki, tamaşanın bədii rəhbəri filologiya elmləri doktoru, professor Nərgiz Paşayevadır. Əsərin quruluşunu Azərbaycanın görkəmli rejissoru Bəhram Osmanov vermişdir. İlk dəfə bu tamaşada rolları Azərbaycanın bütün teatrlarının tanınmış aktyorları ifa ediblər. Doğrudan da, tamaşa çox uğurlu alınıb. Lakin tamaşanın uğurları bununla bitmir. "Şekspir" bir çox teatrların səhnələrinə "ayaq açmağa" başlayıb. Krımda tatar dilində tamaşaya qoyulub, Moskvada "Jar-ptitsa" teatrının səhnəsində göstərilib".


E.Əfəndiyev bildirib ki, dekabrın 5-də "Şekspir" Londonda məşhur "Avanqard" teatrının səhnəsində göstəriləcək.


Tezliklə ona Türkiyə tamaşaçıları da baxa biləcəklər. İstanbul Bələdiyyə Teatrında artıq tamaşanın məşqləri gedir. Premyera gələn ilin yanvarına planlaşdırılır.


Tamaşanın quruluşu və səhnə tərtibatı "Dərviş-teatr"ın bədii rəhbəri Mərdan Feyzullayevə məxsusdur. Rollarda Rusiyanın əməkdar artisti Nikolay Malinkin, Oleq Deqtyaryov, Yuliya Vorobyova, Şirzad Əsəd Pirallahı, Taşa Romanova və başqaları çıxış edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə