Lətif Kərimov- 105

Bu gün Lətif Kərimovun anadan olmasının 105-ci ildönümü münasibəti ilə səbəbkarın adını daşıyan Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində "Əsrlərin nəğməsi" adlı sərgi keçirilib. SİA-nın məlumatına görə, sərginin təşkil edilməsində əsas məqsəd dünya şöhrətli sənətkarı bir daha dərin hörmət və rəğbət hissi ilə anmaq, onun Azərbaycan xalçaçılıq sənətinə gətirdiyi yeniliklər və töhfələr haqqında geniş tamaşaçı kütləsini məlumatlandırmaqdır.

Sərgidə muzeyin direktoru Röya Tağıyeva çıxış edərək Lətif Kərimovun həyat və yaradıcılığı barədə danışıb. Bildirib ki, beş yaşında ikən anasının toxuduğu xalçaya gizlicə ilmə vuraraq xalça sənətinə həvəs göstərməyə başlayan Lətif illər ötdükcə bu sənətə ömürlük bağlanıb. İlk dəfə Azərbaycan xalçalarını tam olaraq tədqiq edən L. Kərimovun üç cildlik "Azərbaycan xalçası" monoqrafiyası xalça sənətinin tədqiqinə həsr edilib. R. Tağıyevanın sözlərinə görə, dünyada ilk xalça muzeyinin Azərbaycanda açılmasında da xalçaçı rəssamın təşəbbüsü və böyük zəhməti var.

"Əsrlərin nəğməsi" sərgisində rəssamın fotoşəkilləri, şəxsi əşyaları, "Ağaclı", "Xətai", "Çiçəkli buta" kimi xalça eskizləri, "Füzuli", "Səfiəddin Urməvi", "Əsrlərin nəğməsi", "Şəbi hicran", "Nəvəli nəticəli buta" kimi xalçaları, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2007-ci ildə Lətif Kərimovun 100 illik yubileyi münasibətilə Azərbaycan, rus və ingilis dillərində nəşr olunan Röya Tağıyevanın "Lətif Kərimov fenomeni" və "Azərbaycan xalçası" adlı iki cildlik kitabları nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə