“Bala bəla sözündəndir?”

Dramaturq Əli Əmirlinin 1993-cü ildə qələmə aldığı məşhur "Bala bəla sözündəndir?" komediyası "Çağırış vərəqəsi" adı ilə Qax rayonunun Əlibəyli kəndində yerləşən Azərbaycan Dövlət Gürcü Teatrında tamaşaya qoyulub. Bu barədə SİA-ya dramaturqun özü məlumat verib.

Qarabağ müharibəsi dövründə "arxa cəbhədə" – Bakıda bir ailə daxilində baş verən dramatik hadisələrə komik prizmadan yanaşan müəllif, oğlunu cəbhədən yayındırmaq üçün ilk baxışda fantastik görünən əcaib yollara əl atan bir ailənin komik çabalarını qələmə alıb.

Ə.Əmirli onu da vurğulayıb ki, əsəri gürcü dilinə İsako Zeynalaşvili tərcümə edib. O həm də tamaşanın quruluşçu rejissorudur.

Onu da qeyd edək ki, elə yazıldığı ildə də Dövlət Gənc Tamaşaçılar Teatrında rus və Azərbaycan dillərində tamaşaya qoyulmuş komediya sonralar ölkənin bir sıra teatrlarında da səhnələşdirilib. 1994-cü ildə isə bu komediyanın motivləri əsasında Azərbaycan Dövlət Televiziyasının "Sabah" yaradıcılıq emalatxanasında Şərif Qurbanəliyevin quruluşunda "Bala – başabəla" adlı televiziya filmi çəkilib və böyük tamaşaçı məhəbbəti qazanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə