Kimisi şəkil çəkməyi, kimisi isə şəkil çəkdirməyi sevir. Ancaq şəkil çəkmək çəkdirməkdən daha ucuz başa gəlir. SİA fotostudiyalarda çəkilişlərin neçəyə başa gəlməsi və studiyaların icarə haqlarının nə qədər olması ilə bağlı araşdırma aparıb.
Fotoqraf Xalid Zeynalovun şəkilləri neçəyə çəkirsiniz və studiyaya nə qədər icarə haqqı verirsiniz sualına belə cavab aldıq. "Çalışdığımız fotostudio hazır olduğuna görə o qədər də xərcimiz olmadı. Sadəcə studiyanın icarə haqqını ödəyirik. İcarə haqqına gəlincə isə burada 3 fotoqraf çalışdığımıza görə adam başına 600 manat düşür. Bu da 1800 manat edir".
Fotoqraf onu da qeyd edib ki, studiya çəkilişləri o qədər də çox olmur: "Studiyada demək olar ki, reklam xarakterli çəkilişlərimiz olur. Bununla yanaşı, studiyada love story-lar olur ki, onların vasitəsilə xərcləri ödəmək olur. Əsas qazancımız toylardan və ya studiayadan kənar çəkilən fotosessiyalardan olur. Sadəcə olaraq hər bir fotoqrafın öz məkanı olmalıdır".
"Özümüz özümüzü saxladığımıza görə bir az çətinlik olur. Ona görə avadanlıqlarımız da çox bahadır. Studiyamızda çəkilişlə bağlı olan bir çox texnika çatışmır. Ancaq onu da qeyd edə bilərəm ki, əsas çəkilişlər üçün bizdə aparatura var",- deyə fotoqraf əlavə edib.
X. Zeynalov onu da qeyd edib ki, fotosessiyaların qiyməti fərqlidir: "Qiymətlər də müştəridən asılıdır. Misal olaraq, love –story studiyadan kənar çəkiliş üçün 200 manat, tək olaraq isə portret 150 manat, 150 manatlıq şəklin içində şəkillər çox olur, ancaq müştərinin xoşuna gələn şəkillər təhvil verilir".
Hər bir fotoqrafın öz sirri var deyən fotoqraf: "Bizdə məktəb olmadığına görə fotoqraflar üçün bir az problem yaradır. Misal olaraq, öyrənmək istədiklərim Bakıda yoxdur",- bildirib.
"Vivabaku" studiyasının rəhbəri Orxan Heydərov isə studiyalarında avadanlıq baxımından heç bir çatışmazlığın olmadığını deyib: "Sadəcə Azərbaycanda şirkətlərə çox zəif aparatura verirlər".
"İcarə haqqını gəlincə isə 1800 manat pul ödəyirik. Təbii ki, icarə haqqı ilə iş bitmir. Burada vergilər, işçilərin əmək haqları da var. Ona görə işi əvvəlcədən planlaşdırılmış şəkildə qurmaq lazımdır ki, sonradan heç bir çətinlik yaranmasın. Çəkilişlər kifayət edir ki, xərclərimizi ödəyə bilək",- deyə studiyanın rəhbəri əlavə edib.
Studiya rəhbəri həm də fotosessiyanın qiymətini də açıqlayıb. Belə ki, qiymətlər çəkiliş və müştərinin seçimindən asılıdır: "Bir fotosessiya 400 manatdan başlayır. Bu fotosessiyanın daxilində 30-dan çox şəkil olur. Studiyadan kənar olanda isə təbii ki qiymətlərdə fərq olur".
Biz də sırf professional işçi qrupu olduğuna görə çəkilişlərdən öncə müştərilərlə ünsiyyət qurulur deyən O. Heydərov bildirib ki, Azərbaycanda foto sənəti incəsənətə və mədəniyyətə ayrılan bir hissədir: "Bu sahə tam kommersiya üzərində qurulan sənətdir. Fəaliyyət göstərən bir çox studiyalara incəsənət üçün yox, kommersiya üçün çalışır. Azərbaycanda elə mütəxəssislər yoxdur ki, bu sənəti sırf peşəkar şəkildə öyrədə bilsin. Baza çox zəifdir".
Digər qəhrəmanımız isə tanınmış fotoqraf Fərhad Əhmədovdur. Onun da özünəməxsus fotosessiya çəkilişləri üçün qiymətləri var. Belə ki, bir nəfər üçün fotosessiya 150 manata başa gəlir. Çəkiliş təxminən 1 saat çəkir. Bu fotosessiyanın içərisində 50 şəkil olur. Toy fotosessiyası etmək üçün ev yiyəsi 600 manatından keçməlidir. Studiya icarəsi isə məkanından asılı olaraq dəyişir. Ən aşağı qiymət isə 50 manatdır. Fotoqraf icarə haqqını verməkdə çətinliklə qarşılaşmadığını bildirib. F. Əhmədov həmçinin bildirib ki, sifarişləri 1 ay öncədən vermək lazımdır, çünki çəkiliş vaxtına yaxın boş gün tapmaq çətin olur: "Çəkilişə marağı olanlar həddindən artıq çoxdur. Lakin hər kəsin buna imkanı çatmır".
\"Fotoqraf işləmək bir zövqdür\",- deyən fotoqraf vurğulayıb ki, fotoqraflar bir balaca da insan psixologiyasından anlamalıdır ki, müştərilərlə işləmək onun üçün asan olsun. Bundan əlavə, işin asan olması üçün texnikanı, işığı da peşəkar səviyyədə bilməlisən.
Fərhad Əhmədov sonda bildirib ki, hər bir peşəkarın çəkiliş zamanı əla bir fantaziyası oyanır ki, bu heç bir yerdə və heç bir kitabda yazılmır: "Bu onun öz spesifikası və stilidir. Lakin elə fotoqraflar da var ki, onların heç bir stili yoxdur, sadəcə düyməyə basırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB