H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında "Rövşən" ritm qrupu solo-konsert proqramı ilə çıxış edib. SİA-nın məlumatına görə, konsert "Ritm bir dünyadır" adı altında keçirilib.
Anşlaqla baş tutan konsertdə qrupun ifasında canlı səslənən musiqilər alqışlarla qarşılanıb. Qrupun rəhbəri Rövşən Cabbarov bildirib ki, konsertə hazırlıq prosesi iki aya yaxın davam edib: "Qrupumuzun daha da inkişaf etməsi üçün gün ərzində bir neçə saat məşq edirik. Bəlkə də iki il müddətində ictimaiyyət arasında sevilməyimizin və qəbul olunmağımızın kökündə çox işləməyimiz dayanır. Həqiqətən də biz ifalarımızın gözəl qarşılanmasından xoşbəxtik".
"Rövşən" ritm qrupu ilə bərabər səhnəni sənətçi dostları da bölüşüb. Onların arasında Elmira Ələkbərzadə, tarzən Humay Qədimova, Kərim, Vüsal Hacıyev və digər gənc sənətçilər, eləcə də rəqqaslar olub.
Qeyd edək ki, bu "Rövşən" ritm qrupunun üçüncü solo-konserti olub. Qrup bu zamana kimi Azərbaycan Dövlət Filarmoniyası və Bakı Caz Mərkəzində konsertlər verib. Qrup 2009-cu ildə məşhur musiqiçi Misirli Əhmədin tələbəsi olan Rövşən Cabbarov tərəfindən yaradılıb. Qrup rəhbəri bu sənət üzrə təhsilini Türkiyədə alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB