Azərbaycanda bir istirahət mərkəzi və bir mehmanxananın lisenziyası ləğv edilib

Azərbaycanda bir istirahət mərkəzi və bir mehmanxananın lisenziyası ləğv edilib
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində fəaliyyət göstərən "Sahil" istirahət mərkəzi və Lənkəran şəhəri, Qala Xiyabanı, ev 11 ünvanında fəaliyyət göstərən "Xəzər" mehmanxanasına verilən xüsusi razılıq (lisenziya) ləğv edilib.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qeyd olunan obyektlərin lisenziyaları Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının 7/1 nömrəli, 27.09.2011-ci il tarixli qərarının 3-cü bəndinə, həmçinin nazirliyin 494 nömrəli 18.10.2011-ci il tarixli əmrinə əsasən alınıb. Bununla əlaqədar yuxarıda qeyd olunan yerləşdirmə obyektlərinin fəaliyyəti 18.10.2011-ci il tarixindən qeyri-qanuni hesab olunur.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"ın 5.4.5. bəndini rəhbər tutaraq bu qərarı verib.

Bütün xəbərlər Facebook səhifəmizdə