Fantaziya
\"Kanada və Rusiya vətəndaşlığından da imtina etmişəm\". SİA-nın məlumatına görə, bunu bu gün "Fantaziya" səyyar sirkinin proqramı ilə bağlı keçirilən mətbuat konfransında sirkin direktoru Mirzə Abbasov bildirib. Artıq bir neçə gündür Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında "Fantaziya" səyyar sirkinin proqramı nümayişə başlayıb. Sirkin direktoru Mirzə Abbasovun sözlərinə görə, direktoru olduğu "Fantaziya" səyyar sirki dünyanın müxtəlif ölkələrində olub. 2007-ci ildən isə Azərbaycanın bölgələrinə səyahət edib. Sirk Bakıda birinci dəfədir böyük beynəlxalq proqramla çıxış edir. 2 saat yarımlıq proqrama 18 şir, 2 poni, hava gimnastları, jonqlyorlar və başqa nömrələr daxildir. M. Abbasovun sözlərinə görə, 22 nəfərdən ibarət kollektivdə həmyerlilərimizlə yanaşı, Rusiya, Ukrayna və Fransadan mütəxəssislər çalışır: "Stadionun qarşısında qurduğumuz çadır 900 nəfər yer tutur. Bazar ertəsindən başqa hər gün iki seans nümayiş olunur. Biletlərin qiyməti 6 manatdır, 3 yaşından aşağı uşaqlar üçün isə giriş pulsuzdur. Onu da deyim ki, tamaşaçıların təhlükəsizliyinə tam təminat veririk, lazımi bütün təhlükəsizlik tədbirləri həyata keçirilib". Mirzə Abbasov Rusiya forumlarında onun Kanadada axtarışda olması və Rusiya vətəndaşlığından çıxarılması ilə bağlı yazılan məqalələrə də aydınlıq gətirib. O bu xəbərlərin heç birinin həqiqətə uyğun olmadığını və bu kampaniyanın arxasında rəqiblərinin dayandığını deyib: "Bu yazıların heç bir əsası yoxdur. Mən illərdir o cür söz-söhbətlərə əhəmiyyət vermirəm". Sirk ustası onu da qeyd edib ki, gələcəkdə Azərbaycan milli kollektivini yaratmaq məqsədilə sirk studiyası açmaq niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə