“Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı solo-proqram– FOTO
Azərbaycan Televiziyasının solisti, vokalçı Ramil Qasımov Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibəti ilə Zərdab şəhərində "Mən fəxr edirəm ki, azərbaycanlıyam" adlı solo-proqramla çıxış edib. SİA-nın məlumatına görə, konsertlə bağlı təəssüratlarını bölüşən Ramil Qasımov tədbirin keçirilməsində Zərdab şəhərinin icra başçısı Lütfəli Babayevin müstəsna xidməti olduğunu qeyd edib: "Konsertin baş tutmasında eyni zamanda "Azərfon" və "Vodafone" şirkətlərinə də minnətdarlıq edirəm. Bu qeyd etdiyim şirkətlərlə artıq ikinci işbirliyimdir. İlk işbirliyimiz "Koroğlu" operası zamanı olub. Həsən Bəy Zərdabinin yurdu olan Zərdabda konsertim gözlədiyimdən də yüksək səviyyədə baş tutdu. Bu insanlardakı mədəniyyət, klassik musiqiyə olan maraq məni valeh etdi. Doğrusu tərəddüd edirdim ki, bu insanlar qarşısında iki saatlıq klassik musiqi necə təsir bağışlayacaq. Nəzərə alsaq ki, bu gün daha çox estrada musiqiləri əhali arasında yayılıb, fikirləşirdim, görəsən 3-4 mahnıdan sonra yorulmazlar. Gördüm ki, çox yanılmışam. Həqiqətən də hər şey mükəmməl idi. Meydanda qurulmuş böyük səhnədə 54 min əhalisi olan zərdablıların alqışlarını eşitmək, üzlərindəki sevinci görəndə xoşbəxt oldum. Həqiqətən də onlar Azərbaycan klassik musiqisini dəyərləndirməyi bacarırlar. İfam zamanı gül çələngləri yağış kimi başımdan yağırdı. Fikrimcə bundan böyük sevinc ola bilməz".
R.Qasımovun sözlərinə görə, bu konsertin keçirilməsində digər məqsədlərdən biri Azərbaycan milli klassik əsərlərini sağlam kütləyə çatdırmaq olub. Konsertdə Ramil Qasımovla birgə "Azəri-star 2008" müsabiqəsinin qalibi və vokalçının tələbəsi İlkin Əhmədov, Xan Şuşinskinin tələbəsi Oqtay Hacıyev və xüsusi rəqs qrupu çıxış edib. İki saatlıq konsert Ramil Qasımovun ifasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevə həsr olunmuş "Məşəl kimi yanan ürək" mahnısı ilə yekunlaşıb. Böyük atəş-fəşanlıqla tədbir sona çatıb. Eyni zamanda Zərdabın icra başçısı Lütfəli Babayev vokalçını fəxri fərmanla təltif edib: "Bu da mənim üçün sevincli, yaddaqalan bir hadisə oldu. Doğrusu o fəxri fərmanı əlimə alanda çox şad oldum. Şübhəsiz ki, istər regionlarda, istərsə də ölkə xaricində çıxışlar etmək bizim borcumuzdur. Bu şərəfli bir işdir və bu sırada adımın olmasından fəxr edirəm". Konsert çərçivəsində R.Qasımov Zərdab haqqında ifa etdiyi mahnıya çəkilən klipi də zərdablılara təqdim edib. Ötən gün isə Zərdab əhli bu klipin təntənəli təqdimat mərasimini keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB