“Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20 illiyi” adlı elektron biblioqrafik göstəricinin təqdimat mərasimi keçirilib

“Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20 illiyi” adlı elektron biblioqrafik göstəricinin təqdimat mərasimi keçirilib
Bu gün M. F. Axundov adına Milli Kitabxanada "Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20 illiyi" adlı elektron biblioqrafik göstəricinin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq Azərbaycanın son 20 ildə əldə etdiyi uğurlardan söz açıb.


O bildirib ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan çox dinamik inkişaf edir və ölkənin uğurları gündən-günə artır: \"Azərbaycanda siyasi sabitlik və sürətli inkişafın təməli məhz ulu öndər tərəfindən qoyulub. Hər birimiz Azərbaycanın müstəqillik illərində qazandığı uğurlara, keçdiyi inkişaf yolunda əldə etdiyi nailiyyətlərə görə müasir dövlətimizin memarı və qurucusu ulu öndər Heydər Əliyevə borcluyuq\".


Daha sonra millət vəkili Aydın Mirzəzadə Azərbaycanın ötən 20 ildə əldə etdiyi nailiyyətlərdən, dövlət müstəqilliyimizin bərpasının ilk illərində qarşılaşdığımız problemlərdən danışıb: \"Məhz bu dahi şəxsiyyətin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib\".


A. Mirzəzadə bildirib ki, hər bir azərbaycanlı fəxr etməlidir ki, bu gün onun Azərbaycan adlı böyük, güclü, söz sahibi olan müstəqil dövləti var.


Tədbirdə eyni zamanda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunan kitab sərgisi də baş tutub.


Qeyd edək ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundov adına Milli Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə