Nurəddin Mehdixanlı: “Bu məsələ ilə bağlı bu gün teatrın rəhbərliyi ilə danışılıb və problem həll olunub”- MÜNASİBƏT
Bu məsələ ilə bağlı fikirlərimi bildirmişəm və bu haqda bir də danışmayacağam. Bunu SİA-ya xalq artisti Nurəddin Mehdixanlı "Teatr. Çexov. Yalta-2011" festivalında səhnəyə içkili vəziyyətdə çıxmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı bu gün teatrın rəhbərliyi ilə danışılıb və problem həll olunub: "Hal- hazırda da işimlə məşğulam və teatrdayam".
Bu məsələyə teatrın mətbuat katibi Elçin Cəfərov belə cavab verib: "Bu teatrın daxilində baş verən bir prosesdir. Bunu ictimaiyyətdə işıqlandırılması düzgün deyil. Teatrda uğuru olana mükafat, səhvi olana isə töhmət verirlər. Artıq xalq artisti ilə teatrın direktoru İsrafil İsrafilovun arasında görüş olub və problem öz həllini tapıb. Hər şey öz qaydasındadır".
E. Cəfərov N. Mehdixanlının sərxoş olduğunu boynuna almaması məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, rəsmi şəkildə əmr çıxıbsa deməli elədir, ancaq buna baxmayaraq bundan sonra nə teatr rəhbərliyi, nə də aktyor bu məsələ ilə bağlı heç bir mətbuata açıqlama verməyəcək.
Məlumat üçün bildirək ki, teatrının direktoru İsrafil İsrafilov teatrın aktyoru, xalq artisti Nurəddin Mehdixanlıya töhmət verib. İsrafil İsrafilovun bu addımı atmasına xalq artistinin Yaltada keçirilən "Teatr. Çexov. Yalta-2011" şüarı altında təşkil edilən sənət bayramında səhnəyə içkili vəziyyətdə çıxması səbəb olub. Bildirilir ki, Nurəddin Mehdixanlının bu hərəkəti Yalta Teatr Festivalının təşkilatçılarını da təəccübləndirib. Təşkilatçılar bununla əlaqədar Azərbaycan nümayəndə heyətinə kəskin etirazları bildiriblər.
Baxmayaraq ki, xalq artisti bu xəbərləri təkzib edib, ancaq bu haqda rəsmi şəkildə əmr də imzalanıb. Həmin əmrin məzmununu və şəklini təqdim edirik:
15 sentyabr 2011-ci il tarixində Yalta şəhərində keçirilən "Çexov.Yalta" Beynəlxalq Teatr festivalında spirtli içki qəbul edərək, H. Mirələmovun tamaşasında səhnəyə çıxaraq teatrın nüfuzuna xələl gətirdiyinə, əmək intizamı qaydalarını kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2 maddəsinə müvafiq olaraq, aparıcı səhnə ustası Nurəddin Əzulla oğlu Quliyevə töhmət verilsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB