“Avropa Kino Festivalı-2011” başlayır

“Avropa Kino Festivalı-2011” başlayır

"Avropa Kino Festivalı-2011"i keçirməkdə əsas məqsədimiz Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasındakı mədəni əlaqələri daha da inkişaf etdirmək, Avropa dəyərləri haqqında anlayışı daha da artırmaqdır.SİA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia "Avropa Kino Festivalı-2011"ə həsr olunan mətbuat konfransında çıxışında bildirib.

O qeyd edib ki, festival Aİ-nin nümayəndəliyi və bu təşkilata üzv dövlətlərin Azərbaycanda təmsil olunan səfirlikləri tərəfindən "Park Cinema" və "Azercell Telekom" ilə birgə təşkil olunub: "Nümayiş olunacaq filmlərin mövzuları aktualdır və bu ekran əsərlərini hər ölkə özü seçib.

Daha sonra çıxış edən almaniyalı rejissor Ştefan Kolbe bildirib ki, Azərbaycanda kinoteatr sahəsi zəifdir və qısametrajlı filmlərin çəkilməsinə ehtiyac var.

Festivalın proqramına Avstriya, Belçika, Çexiya, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Yunanıstan və Fransa rejissorlarının çəkdikləri 11 film daxil edilib. Bu filmlər bir çox beynəlxalq müsabiqələrdə mükafatlara layiq görülüb.

Olivye Horl (Fransa), Maykl Qlavogger (Avstriya), Marek Leçki (Polşa), Ştefan Kolbe ve Kris Rayt (Almaniya), İnesa Kurklietite kimi məşhur rejissorlar, tanınmış yunan aktyoru Gennadios Patris festivalın qonaqlarıdır. Tamaşaçılara filmlərdən sonra qonaqlarla interaktiv müzakirələrdə iştirak etmək imkanı da veriləcək.

Festival müddətində "Səhv", "63 cəhənnəmi", "Pelikan Nikostratos", "Dəhşətli Henri-3D", "Atanı öldür, gecən xeyirə", "Almaniya: Almaniyaya xoş gəlmisiniz", "Kuki qayıdır", "1000 avro nəsili", "Hər kəs tanınıb", "Qarğa gölü+Sadə sehirbazlıq", "Serjant Lapinsin qayıdışı" filmləri nümayiş etdiriləcək. Filmlərə baxış pulsuz olacaq.

Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələrinin, avropalı rejissorların iştirak etdikləri mətbuat konfransında jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə