II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası başa çatıb

II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası başa çatıb

Bu gün II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası başa çatıb. SİA-nın məlumatına görə, mərasimdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli üç günlük sərgi-yarmarkanın uğurla baş tutduğunu və əhali arasında çox böyük marağa səbəb olduğunu deyib.


Nazirliyin Nəşriyyat sektorunun müdiri, əməkdar incəsənət xadimi, tanınmış şair Çingiz Əlioğlu, M. F. Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov da 3 gün davam edən sərgi-yarmarka çərçivəsində kitab təqdimatları, tanınmış yazarlarla görüşlər, ədəbi-bədii gecələr, simpoziumlar və müzakirələr keçirildiyini bildiriblər.


Sərgi-Yarmarkada son üç ildə ölkə nəşriyyatlarında, eləcə də ABŞ, Rusiya, İran, Türkiyə, Macarıstan, Makedoniya, Slovakiya, Belarus, Latviya, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər xarici ölkələrdə nəşr edilən kitablar, nəşr məhsulları nümayiş etdirilib. 25 ölkəni əhatə edən tədbirdə 121 Azərbaycan, 135 beynəlxalq nəşriyyatın kitabları təqdim olunub.


Çıxışlardan sonra sərgi-yarmarkada iştirak edən hər bir nəşriyyat-poliqrafiya evinə sertifikatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə