İlin sonuna kimi Azərbaycana gələn turistlərin sayı 2 milyonu keçəcək

İlin sonuna kimi Azərbaycana gələn turistlərin sayı 2 milyonu keçəcək

"2011-ci ilin sonuna kimi Azərbaycana gələn turistlərin sayının 2 milyon 100 min nəfərə çatacağını güman edirik. Çünki göstəricilərə əsasən demək olar ki, nəticə bu cür olmalıdır". SİA-nın məlumatına görə, bunu "Ümumrespublika Daxili Turizm Konfransı"nda çıxışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Onun sözlərinə görə, bu il ərzində Azərbaycanda bir çox turizm obyektləri tikilərək istifadəyə verilib: "Hazırda Azərbaycanda 46 turizm obyekti inşa olunmaqdadır, 22 obyekt isə tikilərək təhvil verilib. On il əvvələ nəzərə salsaq, bu müddətdə Azərbaycanda turizmin necə inkişaf etdiyini görə bilərik. 2001-ci ildə bizim turizm obyektləri 6 min turisti tuta bilirdi. Hazırda turistlər üçün nəzərdə tutulan 31 min yataq yeri var, bunun 15 mini Bakının payına düşür".

Nazir yay mövsümündə ölkəyə gələn turistlərin sayında ötən ilə nisbətən çox böyük artım olduğunu açıqlayıb. İlkin açıqlamalara görə, yayda 30-40 min insan Azərbaycanın müxtəlif turizm obyektlərindən istifadə edib: "Əgər ötən il Azərbaycandan 55 minə yaxın insan turist kimi xaricə getmişdisə, bu il onların sayı 35 min olub. Bu da Azərbaycanda istirahət obyektlərinin yaxşı vəziyyətdə olduğunu göstərir".

Ə.Qarayev bu ilin 6 ayı ərzində Azərbaycana xaricdən 1 mln. 900 min nəfərin gəldiyini deyib. Onların 1 mln. 500 min nəfəri turist olub: "Ötən illə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayında 14% artım var".

Konfransın davamında çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin müdiri Aydın İsmiyev bildirib ki, hazırda Azərbaycanda 208 turizm obyekti lisenziya əsasında fəaliyyət göstərir: "Bu il ərzində 28 turizm obyektinə lisenziya verildiyini deyən A. İsmiyev ölkəyə 1 016 559 turistin gəldiyini vurğulayıb: "Azərbaycanda turizm sektorunda 7 439 nəfər şəxs çalışır. İl ərzində ölkənin bölgələrindəki mehmanxana və digər turizm subyektlərində baxışlar olub və xeyli nöqsanlar aşkarlanıb. Bu nöqsanlar xüsusilə reklam və təşviqat işinin təşkilində, lisenziyalaşmada və işçilərin peşə hazırlığının aşağı olmasında özünü göstərib".

Konfransın davamında turizm sahəsində çalışan müəssisələr və şəxslər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fərqlənmə diplomları ilə təltif olunub.

Qeyd edək ki, bu gün axşam 19.00-da Dənizkənarı milli parkda konsert proqramı da təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə