Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğuna infotur təşkil edilib-FOTO

Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğuna infotur təşkil edilib-FOTO
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğuna infotur təşkil edilib. SİA-nın məlumatına görə, "Azərbaycanda yeni turizm marşrutları kəşf edək" devizi altında keçirilən infoturun məqsədi Abşeronun ən qədim yaşayış məskənlərindən olan Qala qəsəbəsindəki Dövlət Tarix-Etnoqrafiya Qoruğunun turizm potensialı ilə daha yaxından tanışlıq olmaqdır.


Turizm şirkətləri və KİV-lərin nümayəndələri əvvəlcə qoruqdakı informasiya mərkəzində olublar. Onlara Qala qəsəbəsinin tarixi, əhalisinin həyat tərzi və məşğuliyyəti barədə məlumat verilib.

Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə 2008-ci ildə qoruğun ərazisində Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılıb. Muzey kompleksində Abşeron yarımadasında tapılmış eramızdan əvvəl III və II minilliklərə aid kurqanlar, qayaüstü rəsmlər, məişət və bəzək əşyaları, silah və sikkələr toplanmış, yaşayış və digər memarlıq abidələri ilk görünüşündə olduğu kimi qurulmuşdur. Muzeyin ərazisi 1,2 hektardır.


Qeyd olunub ki, yerli və xarici turistlər qoruq ərazisində onların ixtiyarına verilmiş velosipedlər və veloavtomobillər vasitəsilə 3 marşurt üzrə hərəkət edəcəklər. Onlar böyük tarixi olan bir kəndın bu günə gəlib çatan həyat tərzi və memarlıq abidələri ilə tanışlıqdan olduqca razı qalacaqlar.


Sonra XII əsr abidəsi olan Qum hamamına, bərpa olunan həyətlərə, Etno-Ekoloji Mərkəzə, Qala qəsrinə gəzinti təşkil olunub. Ekskursiya iştirakçılarına bu memarlıq abidələri haqqında məlumat verilib. Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi və Əntiq Əşyalar Muzeyinin eksponatları iştirakçıların marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə