Sentyabrın 30-da Akademik Milli Dram Teatrında əməkdar artist, Dövlət Mükafatı laureatı Hamlet Xanızadənin anadan olmasının 70 illiyinə həsr olunan xatirə gecəsi keçiriləcək. Bu barədə SİA-ya teatrdan məlumat verilib.
Dramatik rolların ölməz ifaçısı Hamlet Xanızadə 5 iyun 1941-ci ildə Bakının Şağan qəsəbəsində dünyaya göz açıb. Uşaqlığı Bakıda keçib, orta təhsilini də məhz burada alıb. Professional teatr fəaliyyətinə 1961-ci ildə başalyıb. Həmin ildə Akademik Dram Teatrında aktyor vəzifəsində fəaliyyətə başlayıb. Hamlet Xanızadə elə institut illərindən özünü istedadlı aktyor kimi təqdim edib. Tədris teatrında, daha sonra isə Akademik Dram Teatrında yaratdığı rollar tamaşaçıların ürəyinə yol tapıb. Milli teatr sənətimizin ən böyük simaları ilə - Mehdi Məmmədov, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Hökumə Qurbanova, İsmayıl Dağıstanlı kimi korifeylərlərlə tərəf-müqabil olub.
Hamlet Xanızadə Cəlil Məmmədquluzadənin "Ölülər", "Dəli yığıncağı" Nəriman Həsənzadənin "Atabəyləri", Nazim Hikmətin "Şöhrət və unudulan adam", Hüseyn Cavidin "İblis", "Xəyyam", "Topal Teymur", Səməd Vurğunun "Vaqif", Uilyam Şekspirin "Antoni və Kleopatra", Fridrix Şillerin "Məkr və məhəbbət" əsərləri əsasında hazırlanan tamaşalarda müxtəlif obrazları böyük sənətkar məharəti ilə yaradıb.
Hamlet Xanızadənin kinoda də parlaq obrazları az deyil. Bunlara misal olaraq, "Yeddi oğul istərəm" (Gizir), "O qızı tapın", "Axırıncı aşırım" (Talıbov), "Arxadan vurulan zərbə" (İmaş), "Babək" (Xəlifə Mötəsim), "Qətl günü" (Sədi Əfəndi), "Yaramaz" (Zavod Direktoru) filmlərində yaratdığı obrazları göstərmək olar.
Hamlet Xanızadə 1990-cı il fevralın 22-də dünyasını dəyişib. Xalqın sevimli aktyorunun əziz xatirəsi heç zaman sənətsevərlərin yaddaşından silinməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB