Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan bolqarıstanlı həmkarı ilə görüşüb
Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq, ən əsas turizmlə bağlı yeniliklər müzakirə edilib.
Qonaq nazir Bolqarıstanın Azərbaycanla əməkdaşlığa hazır olduğunu vurğulayıb: "Bu gözəl, tarixi şəhərdə olmağımızdan məmnunuq. Azərbaycanla çox yaxın olduğumuzu hesab edirik və bu yaxınlığı daha da mükəmməlləşdirmək lazımdır. Azərbaycanda gedən prosesləri izləyirik və sabah Bakıda keçiriləcək Azərbaycan-Bolqarıstan biznes-forumunda iştirak etməkdən məmnunuq".
Bolqarıstanlı həmkarını və nümayəndə heyətini Azərbaycanda salamlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ölkədə gedən son proseslər, irəliləyişlər haqqında məlumat verib. Nazir eləcə də müxtəlif sahələrdə təcrübə mübadiləsinin də əhəmiyyətini qeyd edib.
Qeyd edək ki, Bolqarıstan nümayəndə heyətinin Azərbaycana səfəri sentyabrın 22-də Bakıda keçiriləcək Azərbaycan-Bolqarıstan biznes-forumunda iştirak etməkdir.
Tədbirdə Azərbaycan və Bolqarıstan tərəfindən sənaye, turizm, tikinti, maliyyə və digər sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirakı nəzərdə tutulur. Hər iki tərəfdən 70 sahibkarın iştirak edəcəyi tədbir çərçivəsində Azərbaycan və Bolqarıstanın iş adamları arasında işgüzar görüşlər də təşkil ediləcək.
Samirə Abdullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB