“Eşq və ölüm” Opera və Balet Teatrının səhnəsində

“Eşq və ölüm” Opera və Balet Teatrının səhnəsində
Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində xalq artisti Polad Bülbüloğlunun "Eşq və ölüm" baleti nümayiş olunub. SİA-nın məlumatına görə, tamaşa III Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutub.


Tamaşanı Yekaterinburq Dövlət Opera və Balet Teatrının balet truppası təqdim edib. Tamaşanın dirijoru Pavel Kliniçev, quruluşçu xoreoqrafı Rusiyanın əməkdar incəsənət xadimi Nadejda Malıgina, quruluşçu rəssamı Rusiyanın əməkdar rəssamı, SSRİ dövlət mükafatı laureatı İqor İvanovdur.


Həyat və ölüm, məhəbbət, dostluq, xəyanət kimi əbədi mövzulardan bəhs edən balet məşhur "Dədə Qorqud" dastanının motivləri əsasında qələmə alınıb. Əsərin süjet xətti maraqlıdır. Ucu-bucağı görünməyən bir düzənlikdə əsrlərdən bəri duran daş nəhənglər – balballar Qız və Oğlana öz tarixçələrini nağıl edirlər: Oğuz elində Qazan xanın qızı gözəl Baycan Azərin ürəyini fəth edir. Qızdan Yalıncığın da xoşu gəlir. Baycan isə Azəri seçib. Yalıncığın qısqanclıq hissindən məharətlə istifadə edən düşmən qıpçaqlar onu düşərgələrinə çağırıb hakimiyyət və sərvət vəd edirlər. Yalıncığın başçılıq etdiyi qıpçaqlar toy çadırına hücum edərək bəy və gəlini əsir götürürlər. Qızğın döyüşdə qıpçaqlar oğuzların düşərgələrini dağıdırlar. Meyitlərlə dolu döyüş meydanında Ölüm sevinir... Əsir düşmüş ağıllı Baycan Yalıncığın qarşısına şərt qoyur ki, əgər Azəri azad edərsə, onun arvadı olar. Azad olmuş Azər oğuz igidlərinə qıpçaqların düşərgəsinə gedən yolu göstərir. Cəsur Baycan əsir düşmüş qızları qaçırır. Azər və Baycan görüşürlər. Lakin onların sevinci uzun sürmür. Qıpçaqlar onlara çatırlar. Azər və Baycan Ölümün gəzib dolaşdığı meyitlərlə dolu döyüş meydanında qəhrəmanlıqla həlak olurlar. Sevgililər cismən dünyanı tərk etsələr də, ruhən Əbədiyyətə qovuşurlar. Nəhəng daşlardan bu tarixçəni eşidən uşaqlar indi adlarının nə üçün Azər və Baycan olduğunu dərk edirlər. Oğuzlar öz qəhrəmanlarını unutmurlar, onların xatirələrini nəsildən-nəslə ötürürlər. Öz əcdadlarının torpaqlarını qoruyan igidlərin yaşadığı yerdə Ölüm acizdir.


"Eşq və ölüm" baletini ilk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru, baletmeyster Vəkil Usmanov səhnələşdirib.



Bütün xəbərlər Facebook səhifəmizdə