Musiqi günü təntənəli şəkildə qeyd olunub - FOTO

Musiqi günü təntənəli şəkildə qeyd olunub - FOTO
Bu gün Bakı Musiqi Akademiyasının qarşısında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 126-cı ildönümü və Milli Musiqi Gününə həsr edilən təntənəli mərasim keçirilib. SİA-nın məlumatına görə, musiqi gününün keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutub.


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbir iştirakçılarını musiqi bayramı münasibətilə təbrik edərək Azərbaycan musiqisinin inkişafı sahəsində müstəsna xidmətləri olan Ü.Hacıbəylinin mənalı ömür yolundan və zəngin yaradıcılığından söz açıb: \"Onun yaradıcılıq irsi olduqca geniş və zəngindir. Üzeyir bəy təkcə Azərbaycan professional musiqisinin banisi kimi deyil, həm də böyük alim, maarifçi, dramaturq, ictimai xadim kimi Azərbaycan tarixində görkəmli yer tutur. Azərbaycan musiqi sənətində elə bir sahə yoxdur ki, orada Üzeyir bəyin izi olmasın\".


Nazir onu da vurğulayıb ki, Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu gün Bakıda Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı başlayır: \"Festival çərçivəsində bir-birindən rəngarəng müxtəlif konsertlər təşkil ediləcək, müxtəlif tədbirlər keçiriləcək, Ü.Hacıbəylinin səhnə əsərləri nümayiş olunacaq\".


Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək Ü.Hacıbəylinin Azərbaycan musiqisinin, incəsənətinin inkişafı, təbliği və bu günümüzə gəlib çıxması sahəsindəki xidmətlərindən danışıblar: \"Dahi bəstəkar Azərbaycanda musiqişünaslığın, musiqi təhsilinin əsasını qoymuş və ömrünün sonunadək musiqi mədəniyyətimizin inkişafına rəhbərlik etmişdir. Görkəmli musiqi xadimləri onu "professional Şərq musiqisinin atası" adlandırılıb\".


Mərasimdə Ü.Hacıbəyli adına Dövlət simfonik orkestrinin, Dövlət xor kapellasının, Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin ifasında dahi bəstəkarın əsərlərindən parçalar səslənib.


Qeyd edək ki, mədəniyyət və incəsənət xadimləri bu gün dahi bəstəkarın Fəxri Xiyabanda olan məzarını ziyarət edib onun qəbri üzərinə gül dəstələri qoyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə