Nazir: \"65 yaşa çatmış dəyərli mütəxəssislərin saxlanmasının tərəfdarıyam\" - AÇIQLAMA

Nazir: \"65 yaşa çatmış dəyərli mütəxəssislərin saxlanmasının tərəfdarıyam\" - AÇIQLAMA
"Yeni, müasir kitabxana texnologiyalarını bilməyən şəxslərin işdən azad olunması düzgün olmaz. Bu yolla getsək, kitabxanalarda işləyən çoxlu insan işsiz qalacaq". SİA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.


Nazir bildirib ki, bu problemin aradan qaldırılması istiqamətində işlər görülür: "İlk olaraq ali təhsili olmayan musiqi müəllimlərindən başladıq. Keçən ildən etibarən isə kitabxana şəbəkəsinin müasir texnologiyaya yiyələnməsi üçün xüsusi kurslar təşkil etdik. Amma sözsüz ki, bu, imtahan vasitəsilə olmalıdır. Əgər işçinin qavramaq qabiliyyəti yoxdursa, kursdan uğurla keçmirsə, onun gələcəyini düşünməliyik. Lakin bu, bizim məqsədimiz və niyyətimiz deyil. Dünya təcrübəsinin tələbidir ki, bu gün kitabxanalarda müasir texnologiyalar özünə yer tutmalıdır. Biz bu proqramı tədricən həyata keçiririk".


Ə. Qarayev onu da qeyd edib ki, respublikanın müxtəlif rayonlarında kitabxana-informasiya mərkəzləri açılır, hətta bu yaxınlarda Şabranda tikilən kitabxana-informasiya mərkəzinin açılışında prezident İlham Əliyev də iştirak edib: "Bu texnologiyalar tədricən hər yerə yayılmalıdır. Vaxt hər şeyi göstərəcək. Kim onlara uyğunlaşa bilsə işləyəcək, kim uyğunlaşa bilməsə işi ilə vidalaşacaq".


Əbülfəs Qarayev 65 yaşını keçmiş şəxslərin işdən azad olunmasına da fikir bildirib. Qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyində də qanuna uyğun olaraq bu yaşa çatmış mütəxəssislərlə vidalaşırlar: "Bu proses gedir. Yerlərdən gündəlik məlumatlar alıram. Bu, cənab prezidentin imzaladığı sərəncamdır. Biz qanuna riayət etməliyik. Lakin heç kim demir ki, biz bu insanların təcrübəsindən imtina etməliyik. Birincisi, onların bacarığı, biliyi varsa, hər hansı başqa formada işlərə cəlb oluna bilərlər. Məsələn, müqavilə əsasında. Bizim özümüzdə də belə şəxslər rəsmən işdən gedib. Amma yenə də gəlib bizə yardım edirlər. Elələri də var ki, təqaüdə çıxıb öz nəvələri ilə məşğul olurlar. Bu proses davam edəcək. Lakin mən 65 yaşa çatmış dəyərli mütəxəssislərin saxlanmasının tərəfdarıyam. Hələlik bizdə böyük bir çətinlik yoxdur. Böyük təcrübə, bilik, savad və bacarıq toplamış insanlara hörmətlə yanaşmalı və onlardan səmərəli istifadə etməliyik. Lakin yenə deyirəm, qanun qanundur, onu icra etməyə borcluyuq".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня