Əbülfəs Qarayev: “Azərbaycan Turizm Assosiasiyasının “Eurovision-2012” üçün təyin etdiyi turpaketin ilkin qiymətləri təxmini rəqəmlərdir” - MÜNASİBƏT
Azərbaycan Turizm Assosiasiyasının "Eurovision-2012" mahnı müsabiqəsi üçün təyin etdiyi turpaketin ilkin qiymətləri təxmini rəqəmlərdir. SİA-nın məlumatına görə, bunu açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Onun sözlərinə görə, həmin rəqəmlər assosiasiyanın bu gün mövcud olan qiymətlər əsasında ölçülən vahidlərdir: "Hal-hazırda bu istiqamətdə proses davam edir. Kimin harada qalması üçün artıq otellər müəyyənləşib. Bununla yanaşı, gələn il üçün bir sıra mehmanxanaların açılışlarını da nəzərdə tuturuq. O vaxta qədər bizdə tam məlumat olacaq. O zamana qədər hələ ki, işləri tənzimləyirik".
Nazir onu da vurğulayıb ki, dövlət sifarişi ilə gələcək qonaqlar üçün xüsusi qiymətlər olacaq: "Gələcək də bu məsələlər həll olunduqdan sonra turistlərin gəlişi üçün hər otel müxtəlif təbəqələrə uyğun olaraq qiymətlər müəyyənləşdirəcək. Qiymətlərin açıqlanması hələ çox tezdir. Otellər artıq öz ilkin sifarişlərini qəbul etməyə başlayıblar. Əgər tələbat çox olarsa o zaman qiymətlərdə də artım olacaq".
Qeyd edək ki, Azərbaycan Turizm Assosiasiyası tərəfindən gələn ilin may ayında Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsini ziyarət etmək üçün xarici turistlərə nəzərdə tutulan turpaketin ilkin qiyməti açıqlanıb.
Turpaketin minimal qiyməti 1 200 manat (1 100 avro və ya 1 600 ABŞ dolları) təşkil edəcək ki, bura aviabilet, 3-ulduzlu hoteldə qalma və müsabiqənin iki yarımfinal və final mərhələsinə biletlər daxildir.
Turistlərin bir qədər yüksək səviyyəli hotellərin seçimindən asılı olaraq, turpaketin qiyməti onlar üçün bir qədər baha başa gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB