YUNESCO-nun qərargahında Hökumətlərarası işçi qrupunun iclası keçirilir

YUNESCO-nun qərargahında Hökumətlərarası işçi qrupunun iclası keçirilir

Bu gün Parisdə, YUNESCO qərargahında Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya nominasiyaların təqdim edilməsi prosesinin asanlaşdırılması məqsədilə açıq hökumətlərarası işçi qrupunun iclası öz işinə başlayıb.


Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Nazim Səmədov və UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti Sənubər Bağırova iştirak edir.


İşçi qrupunun iclası sentyabrın 14-dək davam edəcək.


Qeyd edək ki, işçi qrupun təsis edilməsi Hökumətlərarası Komitənin 2010-cu ilin noyabrında Nayrobidə keçirilən iclasında qərara alınıb. İşçi qrupun təsis edilməsində əsas məqsəd Reprezentativ siyahıya nominasiyaların sayının artdığını, Katibliyin resurslarının məhdud olduğunu nəzərə alaraq, nominasiya prosesinin təkmilləşdirilməsi üçün mümkün yeni qayda və tədbirlərin müzakirə edilməsindən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə