Mənsum İbrahimov beynəlxalq festivala hazırlaşır

Mənsum İbrahimov beynəlxalq festivala hazırlaşır

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimov beynəlxalq festivala hazırlaşır. Bu barədə SİA-ya xalq artisti açıqlamasında bildirib.

Onun sözlərinə görə, oktyabrın 26-dan 30-dək Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək festivalda xanəndə "Qarabağ triosu" ilə birlikdə iştirak edəcək: " 11-ci WOMEX (World Music Expo) dünya etnik musiqiləri Beynəlxalq festivalında əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) məni müşayiət edəcəklər".

M.İbrahimov onu da vurğulayıb ki, festivalda ABŞ, Böyük Britaniya, Braziliya, Pakistan, Bolqarıstan, Çexiya və digər ölkələrin musiqiçiləri təmsil olunacaqlar.

M. İbrahimov bildirib ki, hazırda təşkilatçılar tərəfindən CD hazırlanır: "CD-də hər ölkə təmsilçilərinin ifaları toplanacaq və festival iştirakçılarına paylanacaq. Albomda Azərbaycanın "Qarabağ triosu"nun ifasında "Qarabağ şikəstəsi" yer alacaq".

Qeyd edək ki, bu festivalda Azərbaycan ilk dəfə təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə