“Zolotoy Feniks” IV Ümumrusiya festivalında Azərbaycan filmi nümayiş olunacaq

“Zolotoy Feniks” IV Ümumrusiya festivalında Azərbaycan filmi nümayiş olunacaq

Bu gün Smolensk şəhərində 4-cü dəfədir keçirilən "Zolotoy Feniks" IV Ümumrusiya festivalı öz işinə başlayacaq. SİA Rusiyanın "Komsomolskya pravda" qəzetinə istinadən xəbər verir ki, festival 27 avqust- Rusiyanın kino gününə təsadüf edir.

İnsanın kosmosa ilk uçuşunun 50-ci ildönümünə həsr olunan festivalda ümumilikdə 30 film göstəriləcək, müsabiqə proqramına isə 17 film daxil edilib.

Festivalın açılışı Andreya Zvyaqençevanın "Yelena" filmi ilə baş tutacaq. Bağlanışı isə Orle Oliveranın "Pelikan" ("Qutan") filmi ilə bağlanacaq.

Məlumat üçün bildirək ki, festivalda həmçinin azərbaycanlı rejissor Fuad İbrahimovun "Uçur" adlı filmi nümayiş olunacaq. "Uçur" adlı ekran əsəri Olqa Muxinanın eyniadlı pyesi əsasında lentə alınıb. Filmdə Aleksandr Ratnikov, Yevgeni Sıqanov, İrina Klimova, Pavel Barşak, Yevgeniya Osipova, Aleksey Barabaş və s. aktyorlar çəkiliblər.

Hadisələr Moskvanı xatırladan bir şəhərdə baş verir. Qəhrəmanlar – diceylər, prodüserlər, teleaparıcılar – qaynar, ancaq mənasız həyat sürən adamlardır. Onlar sevgi barədə çox danışsalar da, amma onu hiss etməyə qadir deyillər.

Qeyd edək ki, festival sentyabrın 2-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə