26 avqust – Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunub. SİA-nın məlumatına görə, qərar Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən qəbul olunub.
Azərbaycan xalqının qədim irsi olan muğam çoxdan geniş kütlələrin ümumi mənəvi sərvətinə çevrilib. Bəşəriyyətin şifahi və mənəvi irsinin bənzərsiz xəzinələrindən olan muğam ötən əsrin əvvəllərindən başlayaraq dünya mədəniyyəti məkanına daxil olmağa başlayıb. 1971-ci ildə YUNESKO 50 albomdan ibarət olan "Dünya ənənəvi musiqisinin antologiyası" kolleksiyasına "Şərqin musiqi antologiyası" seriyasında çıxan "Azərbaycan musiqisi" plastinkasını da daxil edilib. 1975-ci ildə Azərbaycan muğamları yenə də YUNESKO tərəfindən "Musiqi mənbələri" seriyasında buraxılıb. Azərbaycan muğamı Andrey Tarkovskinin bütün dünya ekranlarını dolaşan "Stalker" filmində də səslənib.
Muğam Şərqin ən qədim musiqi janrlarından biri olduğu üçün dünya musiqişünaslarının, sənətsevərlərin daim diqqətini cəlb edib. Qədim və orta əsr Şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində bu janr əsas amillərdən biri kimi tədqiqatçıların təhlil obyektinə çevrilib.
Azərbaycanın müstəqilliyi dövründə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoyub. Yüzilliklərlə cilalanan, zaman-zaman üslub, obraz, məzmun, ifaçılıq mahiyyəti zənginləşən Azərbaycan muğamının müasir tarixində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır.
YUNESKO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsinə bariz nümunədir.
Həm Heydər Əliyev Fondu, həm də Azərbaycan Mədəniyyət Fondu bu sahəyə öz layiqli töhfələrini veriblər. Son illər ölkəmizdə bir sıra irimiqyaslı layihələr həyata keçirilmiş, muğam müsabiqələri təşkil olunub, "Qarabağ xanəndələri" albomu buraxılmış, "Muğam" jurnalı, "Muğam ensiklopediyası" nəşr edilib. Muğama dair müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət "Azərbaycan muğamı" multimedia toplusu ilk tədris vəsaiti kimi hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB