Azərbaycanlı alim Portuqaliyada keçiriləcək konfransda iştirak edəcək

Azərbaycanlı alim Portuqaliyada keçiriləcək konfransda iştirak edəcək

19-24 sentyabr tarixində Portuqaliyanın Evora şəhərində keçiriləcək Mədəniyyətlərdə Astronomiya Avropa Cəmiyyətinin (European Society for Astronomy in Culture) konfransında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Abasəli Rüstəmov "Qədim Qobustan Günəş Rəsədxanası" mövzusunda elmi məruzəylə iştirak edəcək.


Bu barədə SİA-ya nazirlikdən məlumat verilib. Məlumata görə, məruzə Qobustanın qayıq rəsmlərində əks olunan təqvim simvolizminin və 1 nömrəli Qaya obyekti taxçaların "mövsüm ölçmə" (günəş saatı) funksiyalarının tədqiqatlarından bəhs edir.


Konfransın proqramı əsasən qədim Şumer, Misir, Yunan və Maya astronomiyası və müasir dövrlərdə dənizçilikdə istifadə olunan qədim naviqasiya üsulları, dünya xalqlarının mədəniyyətlərindəki təcrübi astronomiya mövzularını əhatə edir. Konfransda Avropa ölkələrinin arxeoastronomları ilə yanaşı, Hindistan, Rusiya, Qazaxıstan, Gürcüstan və İran İslam respublikasından olan tədqiqatçılar da iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə