Roman Viktyuk: “İstəyirəm Azərbaycanın uzun illərdir oynamayan aktyorları səhnəyə çıxsınlar”

Roman Viktyuk: “İstəyirəm Azərbaycanın uzun illərdir oynamayan aktyorları səhnəyə çıxsınlar”

Məşhur teatr rejissoru, Rusiyanın əməkdar incəsənət xadimi Roman Viktyuk Azərbaycanda səfərdədir. Rejissorun səfərinin məqsədi Azərbaycan səhnəsində yeni tamaşa hazırlamaq və bu səhnə əsəri ilə bağlı bir sıra işləri görməkdir. SİA-nın məlumatına görə, səfər çərçivəsində bu gün yerli mətbuat nümayəndələri ilə görüşən Roman Viktyuk avqustun sonuna qədər ölkəmizdə qonaq olacağını bildirib.

O qeyd edib ki, Azərbaycan çox isti və qonaqpərvər ölkədir: "Xəzər dənizi qəlbimə çox yaxındır. İstəyirəm səhnəyə qoyacağım tamaşada Azərbaycanın uzun illərdir oynamayan aktyorları səhnəyə çıxsınlar. Artıq bununla bağlı Leyla Şıxlinskaya ilə danışıqlarımız olub və o özünü səhnədə təsəvvür etdiyini deyib. Bundan əlavə Şəfiqə Məmmədovanı o tamaşada görmək istəyirəm".

R. Viktyuk Azərbaycanın "Üns" Teatrının səhnəsində qoyacağı tamaşa ispaniyalı yazıçı Alexandro Kasonun əsəri əsasında hazırlanacaq və "Derevya umeraet stoya" ("Ağaclar ayaq üstə ölürlər") adlandırılacaq.

R. Viktyuk bu tamaşada aktyorların həm Azərbaycan, həm də rus dilində danışmasına icazə veriləcəyini vurğulayıb: "Tamaşa üçün aktyor seçimi həyata keçirmək fikrindəyik. Elə bu görüşü də aktyorlar üçün elan kimi qiymətləndirmək olar. Tamaşanın süjet xətti çoxsaylı tamaşaçıların marağına səbəb olacaq. Tamaşanın hazırlığı üçün bu ilin noyabrında yenidən Azərbaycana gələcəyəm".

R. Viktyuk tamaşanın süjet xətti barədə geniş şəkildə məlumat verib və Azərbaycan tamaşaçılarının bu səhnə əsərini maraqla qarşılayacağını deyib. O, sentyabrın ilk günlərində Rusiya telekanallarından birində aparıcılıq etdiyi verilişi Müslüm Maqomayevə həsr edəcəyini də sözlərinə əlavə edib.

Onun sözlərinə görə, pyes interaktiv janrda icra ediləcək tamaşanın əsas mövzusu isə sevgi olacaq. "Sevgi və mehribanlıq cavanlaşdırmaq qabiliyyətinə malikdirlər. Biz bu gün ekranlarda mövcud olan bayağılığı görərkən bu anlarda sevginin rolu xilasedici olur", - deyə o əlavə edib.


"Düşünürəm ki, tamaşada ispan musiqisindən istifadə ediləcək, çünki o Azərbaycana daha yaxındır", - deyə R.Viktyuk qeyd edib.


O bildirib ki, tamaşada hadisələrin dönüş nöqtəsi olduqca gözlənilməz, aktyor tərkibi isə beynəlmiləl olacaq.


Konfransda iştirak edən Azərbaycanın tanınmış dirijoru Yalçın Adıgözəlov Roman Viktuyukun Azərbaycan səhnəsində qoyacağı tamaşanın böyük uğur qazanacağını deyib.


Bütün xəbərlər Facebook səhifəmizdə