Nicat Kazımov: “Kameranın qarşısında dayanmağı nə qədər gözəl bacarsam da arxasında bir o qədər naşıyam”- MÜSAHİBƏ

Nicat Kazımov: “Kameranın qarşısında dayanmağı nə qədər gözəl bacarsam da arxasında bir o qədər naşıyam”- MÜSAHİBƏ

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, rejissor Nicat Kazımovun SİA-ya müsahibəsi:

- 21 il olar ki, Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərirsiniz, niyə məhz bu teatr?

- İlk olaraq qeyd edim ki, hər şey təsadüfün nəticəsidir. Hələ 1989-1990- cı illərdə xalq artisti Lütfi Məmmədbəylinin xalq teatrında dərnəyə gedirdim. O, hər zaman deyərdi ki, sən gənc tamaşaçılar teatrının aktyorusan. Əvvəllər bu söz pisimə gəlirdi ki, niyə elə deyir. Sonralar həmin teatrda "Ərizə" tamaşasına baxdım və çox xoşuma gəldi. Elə o zamandan məni oraya dəvət etdilər. "Romeo və Culyetta" tamaşasında baş rola dəvət aldım. 17-18 yaşında gənc olaraq bu rolda oynamağı çox istəyirdim. Ancaq müəyyən səbəblərdən o tamaşa alınmadı, buna baxmayarq bu teatrda qalası oldum. Tamaşaların məşqində olurdum, ancaq tamaşalarda oynamırdım. Teatrın əvvəlki direktoru Kamal Əzizov məni yanına çağırdı ki, buradan maaş alırsan, ancaq tamaşalarda oynamırsan. Bunun cavabında isə \"burada rejissor tanımıram\",- dedim. Təbii ki, bu da gəncliyin şıltaqlığından irəli gəlirdi. Bəxtiyar Xanızadə, Vaqif Əsədov və teatrın direktoru oturub söhbət etdik. Səhəri gün isə Pantomima teatrı açıldı. Sonra isə bir müddət orada çalışdım. 1996-cı həmin teatrdan çıxdım. Həmin vaxtı televiziyada da aparıcı kimi fəaliyyət göstərirdim. Daha sonra 4-5 ay yaradıcılığımda fasilə etdim. Müəyyən müddətdən sonra yenidən Gənc Tamaşaçılar Teatrına qayıtdım. Elə o zamandan da rejissor olaraq çalışıram.

- Aktyorluq fakültəsini bitirmisiniz, bəs rejissorluq eşqi necə yarandı?

- Yenə də deyirəm ki, hər şey alın yazısıdır. Onu da vurğulayım ki, ikinci dəfə teatra qayıdanda direktor məni işə götürmək istəmirdi. Heç vaxt rejissor arzusunda olmamışam. Direktora təklif etdim ki, tamaşa hazırlayıb verəcəyəm, əgər xoşunuza gəlməsə, tamaşanı kənara atın. 1 həftə mənə vaxt verdilər. O zaman "Tıq-tıq və tuk – tuk" tamaşasını hazırladım. Həmin gündən də məni işə götürdülər. Uzun zaman aktyor ştatında qaldım. 6-7 il olar ki, rejissor olaraq da ştatdayam. Bununla yanaşı, həm də aktyor kimi də fəaliyyətdəyəm. Dünyanın ən məşhur rejissorları da peşələrinə məhz aktyorluqdan başlayıblar. Aktyorluğu bacarmayan, aktyorluğun bütün sirrlərini bilməyən insandan rejissor olmaz.

- Aktyor, rejissor, dublyaj... hamısı bir arada çətin deyil?

- Bütün bunlar rejissuranın qollarıdır. Aktyor, rejissor, dublyaj və eyni zamanda yazdığım pyeslər- "Ələddinin sehrli çırağı", "Tıq-tıq xanım" kimi səhnələşdirdiyim pyeslər teatr tamaşalarında oynanılır. Həmçinin aktyor rəqs etməyi, oxumağı bacarmalı, plastikadan anlamalıdır. Görünməyən tərəfim isə tikişi bacarmağımdır. Tamaşalara kostyum hazırlandığı zaman bütün aksessuarlara özüm diqqət yetirirəm.

- Son zamanlar çəkilən filmlərdə sizi görmürük, bunun səbəbi nədir?

- Son zamanlar demək olar ki, film azdır. Axırıncı çəkildiyim film 3 il bundan əvvəl "Sirat körpüsü", "Daş atan" filmi olub. Yaradıcılıq dövrüm filmlərin kasad vaxtına təsadüf etdi. Ona görə də daha çox teletamaşalara çəkildim. Ən çox sevdiyim işlər də məhz dövlət televiziyasında çəkilən tamaşalardır. "Mən sənin dayınam" tamaşasını buna misal göstərmək olar.

- Rejissor olaraq film çəkmək istəyiniz olub?

- Belə təklif olub. Ancaq özümü hələ buna hazır saymıram. Kameranın qarşısında dayanmağı nə qədər gözəl bacarsam da arxasında bir o qədər naşıyam. Əgər mən bir işi görürəmsə, o, mütləq təqdirəlayiq olmalıdır.

- Artıq 21 ildir ki, siz bu sənətdəsiniz. Sizcə, fəxri ad almaq nələri etməmisiniz?

- Nicat adını mənə atam verib. Xalq artisti olmaq olar, lakin xalqın artisti olmaq çətindir. 6-7 ildir ki, efirdə veriliş aparmıram, lakin buna baxmayaraq bu günə qədər tamaşaçılar yaddan çıxarmayıb. Qeyd edim ki, artıq sentyabr ayından başlayaraq yenidən televiziyada veriliş aparacağam. Onu da bildirim ki, Mədəniyyət Nazirliyi tərəfindən "Zirvə" mükafatı birinci dəfə təsis olunanda teatr sahəsində birinci mükafat mənə verildi. Fəxri ad almağa gəldikdə isə bunun cavabı nazirliyə ünvanlanmalıdır. Onu bilirəm ki, 6-7 ildir ki, teatrdan adım göndərilir.

- Rejissoru olduğunuz "Pəri cadu" tamaşası demək olar ki, anşlaqla keçir. Bəlkə tamaşaçılara cadu etmisiniz?

- Gülür...Bütün tamaşalarım anşlaqla keçir. "Pəri cadu" tamaşasından başqa "Ana qaz" tamaşası maraqla qarşılanır. Bu tamaşaların öz tamaşaçıları var. Eyni tamaşama 15 dəfə təkrar olaraq baxan insanlar da var. Biz bu tamaşada aktual olan problemi ortaya qoyuruq. Ümumiyyətlə, bütün tamaşalarımda xeyir və şər mövzusu var. Hər zaman xeyrin qalib gəlməyini istəmişəm.

- Yerli mətbuatda səs- küyə səbəb olan teatrın baş rejissoru Cənnət Səlimova ilə olan münasibətləriniz necədir?

- Atam rəhmətə getdikdən sonra gözümdə hər şey dəyişdi. Anladım ki, bu dünyada heç nə dava-dalaşa dəymir. Ümumiyyətlə, hər zaman özümə deviz götürmüşəm ki, "Yaxşılıq etməyi bacarmıramsa, pislik etməyim". İndi Cənnət xanımla münasibətlərimiz normaldır, heç bir intriqadan söz gedə bilməz. Sadəcə ola bilər ki, yaradıcılıqda bəzi nüansları bəyənməyək.

- Hətta bir vaxtlar sizə teatrda tamaşalara quruluş verməyinizə qadağa qoyulmuşdu...

- Bəli. Münasibətlərimiz normallaşandan sonra mənə "Yatmış gözəl"i verdi. Hətta yeni teatr mövsümündə yeni tamaşa da veriləcək. Sadəcə öyrəşmişəm ki, öz istədiyim əsərlərə müraciət edim, ancaq Cənnət Səlimova isə öz istədiyi əsərlərə üstünlük verir. Bu məsələlərdə fikirlərimiz üst- üstə düşməyə bilər.

- Belə bir deyim var ki, Gənc Tamaşaçılar Teatrının aktyorları heç vaxt qocalmırlar. Siz necə düşünürsünüz?

- Əslində aktyor daxilən heç vaxt qocalmamalıdır. Qocalan aktyor artıq aktyor deyil. 80-90 yaşı olsa belə o, daxilən uşaq qalmalıdır. İstər Milli Akademik Dram Teatrının aktyoru, istər Gənc Tamaşaçılar Teatrının aktyoru, istərsə də Kukla Teatrının aktyoru olsun.

- Övladlarınızın tamaşalarda oynamasına baxmayaraq gələcəkdə onların aktyor olmasını istəmirsiniz. Səbəb?

- Gənc Tamaşaçılar Teatrının baş rejissoru Cənnət xanımın xahişi ilə birinci dəfə böyük oğlum Mirsənan "Məkkəyə gedən yol" tamaşasında çəkilib. Övladlarımın hər ikisinin də aktyorluğa böyük həvəsi var. Buna baxmayaraq Azərbaycanda aktyor olmaqlarını istəmirəm.

- Yəni düşünürsünüz ki, Azərbaycanda bu sənətə verilən məvaciblə gələcəkdə ailə saxlamaq olmaz?

- Keçdiyim çətin yolları istəmirəm ki, onlar da keçsin. Aktyor məvacibi ilə dolanmaq çox çətindir. Misal olaraq bu gün ailəmi saxlamaq üçün məcburam ki, bir çox sahələrdə işləyim. Bizim aldığımız bu məvaciblə ailə saxlamaq mümkün deyil. Düzdür, övladlarımın arxasında mən olacağam, baxmayaraq ki, mənim arxamda heç kim olmayıb.

- Onların bu yaşlarından səhnədə olması onları bu sənətə bağlamaz ki?

- Artıq yavaş- yavaş bu istəklərini azaldıram. Uşaqlarımın heç birinin aktyor olmasını istəmirəm. Buna baxmayaraq hər şey Allahın əlindədir. Misal olaraq atam istəmirdi ki, bu sənətə gəlim. Təbii ki, mənim istəyimlə deyil, Allah bilən məsləhətdir.

- Neçə illik fəaliyyətinizdə istədiyini edə bilmisiniz?

- Yox istədiklərimi edə bilməmişəm.

- Nələri edə bilməmisiniz?

- Bir sıra xırda istəkləri yerinə yetirə bilmişəm. Misal olaraq düşünürdüm ki, instituta girəndən sonra 4-5 ilə tanınmasam, bu sahədən gedəcəyəm. Bəxtim onda gətirdi ki, I kursda oxuyan zaman məni tanıyırdılar. Nələrisə bacarıb, nələrisə edə bilirəmsə, bu o demək deyil ki, istədiklərimi edə bilmişəm. Bu da istədiklərimin heç 20-25%-i deyil.

- Başqa teatrlardan dəvət gəlib?

- Əlbəttə ki, gəlir. Belə ki, 6 il idi ki, "Pəri cadu" tamaşasından sonra Akademik Milli Dram teatrına dəvət edirdilər. Buna baxmayaraq teatrdan uzaqlaşa bilmirdim.

- Niyə Akademik Milli Dram teatrından gələn təklifi dəyərləndirmədiniz?

- Demək belə məsləhət idi. İsrafil İsrafilov teatra yeni direktor təyin olunandan ora dəvət olundum. Bu da o vaxta təsadüf etdi ki, Cənnət Səlimova ilə bir az münasibətlərim yaxşı deyildi və mən tamaşa hazırlamırdım. Aclığımı doldurmaq üçün də bu dəvəti qəbul etdim. Mənə də çox gözəl aktyor heyəti düşdü. Artıq hamısı ilə dostlaşmışıq. Buna görə də iyulun ortalarında premyerası olan tamaşamız- "Kabuslar" çox maraqla qarşılandı. Sentyabrdan etibarən bu tamaşa teatrın proqramına salınacaq. Yəqin ki, bu teatrda ikinci tamaşada hazırlayacağam. Bununla yanaşı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrından da dəvət almışam. Ən əsası da Türkiyədən dəvət almışam.

- Türkiyə təklifini qəbul etsəniz, neçə müddətlik Bakıda olmayacaqsınız?

- Əgər oradakı təklifi qəbul edəsi olsam, ümumiyyətlə, orada yaşayacağam.

- Belə çıxır ki, gənc tamaşaçılar teatrının tamaşaçıları darıxacaq...

- O zaman da xaricdən dəvət edərlər gəlib onlar üçün də tamaşa hazırlayaram.

- Beynəlxalq festivallarda iştirak edən birisi olaraq oranın səhnəsindən Azərbaycan teatrının səhnəsi necə görünür?

- Hər tamaşa özü özlüyündə yük daşıyır. Türkdilli xalqların teatr festivalında olanda münsiflər heyətinin tərkibində Moskva teatrşünasları idi. Oradakı münsiflər heyətindən biri mənə dedi ki, 2002- ci ildə sanki Azərbaycan teatrı ölüb və yaxud uçurumun kənarındadır. "Pəri cadu" tamaşasından sonra isə gördük ki, Azərbaycan teatrı nəinki yaşayır, hətta Avropa ölkəsinin səhnəsindədir. Rusların aktyorları daha ağıllı, dəqiq, ciddi münasibətləri var. Onlar bizdən nəsə öyrənmək istəyirlər. Buna görə də istərdim ki, beynəlxalq festivallara gedəndə ən çox milli dəyərlərimizi nümayiş etdirsinlər.

- Fikir versək görərik ki, indi ən çox xarici rejissorlara üstünlük verirlər, bunun səbəbi yerli rejissorlarımızın yaxşı olmamasından irəli gəlir?

- Düşünürəm ki, bu halın olması çox yaxşıdır. Çox istərdim ki, xaricdən daha çox tanınmış və ustad rejissorlar gəlsin. Ancaq təəssüf olsun ki, hələ ustad rejissorlar gəlməyib. Daha çox gənclər gəlir. Teatr gərək öz qazanında qaynamasın. Xaricdən rejissorların dəvət olunmağı o demək deyil ki, yerli rejissorlarımız kənarda qalmalıdırlar.

- Bəlkə də həmin rejissorlara verilən məvacibi bizim rejissorlara versələr, daha yaxşı iş ortaya qoyacaqlar....

- Hər şey məvacibdən asılı deyil. Misal olaraq mənə nə qədər pul versələr də bacardığımdan artığını etməyəcəyəm. Sadəcə teatrdan daha artıq maaş alsam, bütün günümü oraya sərf edərəm. Çox istərdim ki, gələcək də xaricdən gələn rejissorun tamaşasında aktyor kimi oynayım. Bizdən də digər dövlətlərə rejissor dəvət edirlər.

- Gənc Tamaşaçılar Teatrında yaradılan Bədii Şura öz işini layiqincə yerinə yetirə bilir?

- Xüsusi olaraq qeyd edim ki, 6-7 il həmin şuranın üzvü olmuşam. Heç vaxt riyakarlıq etməmişəm. Yaxşıya yaxşı, pisə pis demişəm. Son 2 ildə Bədii Şuranın üzvü deyiləm. Belə məsləhət bildilər. Mənim üçün Gənc Tamaşaçılar Teatrının Bədii Şurasının işi çox maraqsızdır. Orada oturanların böyük əksəriyyətinin fikirləri çox maraqsızdır. Onlara dərs deyərəm desəm, böyük çıxar, ancaq onların savadlarına inanmıram. İki cümləni qoşub deyə bilməyən biri bədii şurada oturub hər hansı fikir bildirir. Bədii şura yalnız formal olaraq yaradılıb. Nə yaxşı məni şuranın üzvlüyündən çıxardıblar. Özüm çıxmamışam. Onlara "qa" deyəndə "qa", "qu" deyən də "qu" deyən birisi lazımdır.

- Hazırda nə kimi işlərlə məşğul olursunuz?

- Hazırda Akademik Milli Dram teatrında İtaliyadan gələn dostum sirk ustası Araz Həmzəyevlə birgə yeni layihə üzərində çalışıram. Belə ki, sirkin yeni mövsümü üçün kostyumlarla bağlı yeni nömrə hazırlayırlar. 1 dəqiqə ərzində geyim dəyişilməlidir. Sadəcə olaraq onlarını işinə rejissor baxışı lazımdır ki, mən də bu işi görəcəyəm.

Son zamanlar anşlaqla keçən \"Pəri cadu\" tamaşasında bir hissəni sizlərə təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə