Gəncə teatrları yeni mövsümə köhnə problemlərlə başlayacaq

Gəncə teatrları yeni mövsümə köhnə problemlərlə başlayacaq

Gəncənin teatr kollektivləri yeni mövsümə köhnə problemlərlə girəcək. Ən ciddi məsələ teatr binalarının lazımı səviyyədə olmamsı, avadanlıqların artıq ömrünü başa vurmasıdır. Sentyabr ayında 117-ci mövsümünü açacaq Gəncə Dövlət Dram Teatrı yeni mövsümə bir sıra çətinliklərlə girib. Uzun illərdir uyğunlaşdırılmış binada fəaliyyət göstərən kollektiv bu mövsümü də elə həmin binada keçirməli olacaq.

Baxmayaraq ki, dəfələrlə aidiyyəti qurumlar tərəfindən Gəncə Dövlət Dram Teatrının yeni binasının tikiləcəyi barədə dəfələrlə təkliflər verilib. Ancaq hələlik real addımlar atılmadığından bu mövsümdə də tamaşaçılar köhnə binaya üz tutmalı olacaqlar. Teatrın rəhbəri Əli Qasımovun SİA-nın bölgə müxbirinə bildirdiyinə görə, binada daxili imkanlar hesabına müxtəlif cari təmirlər aparılıb: "Görülən işlər problemin qarşısında cüzi qalır. Teatrın yeni binaya ehtiyacı var və bu qaçılmaz haldır. Teatr binasında mövcud olan bütün texniki avadanlıq sovetlər dönəminin yadigarıdır. Tamaşaların effektivliyini qorumaq üçün nəzərdə tutulan işıq sistemi sıradan çıxıb".

Yeni mövsümə kifayət qədər problemlə girən digər teatr isə Kukla Teatrıdır. Burada da ən ciddi problem binanın yararsız vəziyyətdə olmasıdır. Alban kilsəsinin binasında fəaliyyətə başlayan teatrın bu gün sözün həqiqi mənasında yenilənməyə, daha müasir formaya salınmasına ehtiyacı var. Lakin vədlər verilir, əvəzində heç bir real addım atılmır. Hər halda bütün problemlərə baxmayaraq hər iki kollektiv yeni mövsümə səylə hazırlaşır. Teatrsevərləri bu mövsümdə 10-a yaxın maraqlı tamaşalar gözləyir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə