Ziya Şixlınski: “Kino sahəsində əsas inkişaf professionallıqdan asılıdır”-MÜSAHİBƏ
Kinorejissor, əməkdar incəsənət xadimi Ziya Şıxlinskinin SİA-ya müsahibəsi:
- Azərbaycan milli kinosunun bugünkü durumunu necə qiymətləndirirsiniz və mövcud vəziyyəti qənaətbəxş hesab etmək olarmı?
- Təbii ki, vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Çünki mən vaxtilə kinostudiyaya işə gələndə orada Əlisəttar Atakişiyev, Hüseyn Seyidzadə, Tofiq Tağızadə, Həsən Seyidbəyli, Şamil Mahmudbəyov, Arif Babayev, Rasim Ocaqov kimi peşəkarlar işləyirdi. İndi də kinostudiyada Eldar Quliyevi, Rüstəm İbrahimbəyovu görə bilirik. Lakin bu gün peşəkarlar çox azdır. İndiki cavanlar məndən inciməsin. Biz institutu qurtarıb gələndən sonra filmlərdə assistent işləyir, ağsaqqalardan öyrənir, sonradan fərdi addımlar atmağa başlayırdıq. İndiki gənclər də institutu qurtarandan sonra bir-iki təcrübəli rejissorun yanında köməkçi, təcrübəçi kimi işləməlidir, işdə bütün bu prosesi görməlidir. Bir var ki, haradansa bunun haqqında oxuyasan, bir də var bu prosesi peşəkarın yanında işləyərək canlı görəsən.
- Bugünki kinonun mövcud problemləri nədən ibarətdir. Bunlara səbəb gənclər, rejissorların lazımi səviyyədə kino çəkə bilməməsi, yoxsa lazımi maliyyə vəsaitinin olmamasıdır?
- Sözsüz ki, əsas inkişaf professionallıqdan asılıdır. Yaxşı olardı ki, əlavə maliyyə yardımı olsun, yeni texniki vəsaitlər gətirilsin. Amma mən həmişə bu misalı gətirirəm ki, "Letyat juravli" filmi Sovetin ən qədim "Compus" aparatı ilə çəkilib və indiyə kimi maraqla baxılır. Çünki usta, peşəkar başqa şeydir. Sözsüz ki, indiki internet zamanında yaxşı kameralar, maliyyə artımı olmalıdır. Rejissor, ssenarist, operator, aktyorlar, bir sözlə hamısı yüksək peşəkar olmalıdır, çünki bu gün bazarda rəqabət dövrüdür. Hər gün müxtəlif kanallarda yeni-yeni filmlər göstərilir. Onunla bərabər olmaq üçün peşəkarlığı artırmaq lazımdır.
- Azərbaycan filminin beyəlxalq səviyyəyə çıxması üçün nə qədər zaman lazımdır?
- Bu çox çətin məsələdir. Bir dənə qərənfil ola bilər, çünki bu konveyr deyil ki, yaxşı maşın hazırlanıbsa, arxasınca da hamısı elə olacaq. Yaxşı rejissor gözəl film çəkə bilər, amma müəyyən yaşa dolandan sonra onun filmi yaxşı olmaya bilər. Aktyor bir filmdə yaxşı oynayır, o birində oynaya bilmir. Ona görə də bu yaradıcılıq olduğu üçün onu ümumiləşdirmək düzgün deyil.
- Kino sahəsində ən ali mükafatlar Oskar, Kann, Venesiya və digərləri hesab edilir. Azərbaycanın hansı janrda çəkilən filmləri bu mükafatlara təqdim oluna bilər və bunun üçün nə qədər il gərəkdir?
- Bu çox çətin məsələdir. Hətta sovetin vaxtında gürcü kinosu çox qabağa getmişdi. Lakin son 20 ildə gürcülər heç bir yüksək beynəlxalq müsabiqələrdə 5-lik, 10-luğa düşməyiblər. Həm də kino konveyr deyil. Bir ildə 5 kino çəkilər, amma onun 1-2-si normal səviyyədə alınar. Amma biz yenə də öz arzumuzda qalırıq. Bəlkə də gələcəkdə belə müsabiqələrdə yer tuta biləcək elə bir film yaranar. İnanırıq ki, bizim bu arzumuz ürəyimizdə qalmayacaq. Bu gün üçünsə hələ ki tezdir və real deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB