Qəbələ III Beynəlxalq Musiqi Festivalının rəsmi açılışı olub - FOTO

Qəbələ III Beynəlxalq Musiqi Festivalının rəsmi açılışı olub - FOTO
Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalının rəsmi açılışı və qala- konserti olub. SİA-nın məlumatına görə, bu münasibətlə "Qafqaz Resorte" otelinin qarşısındakı parkda açıq səma altında keçirilən mərasimdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Меhriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.


Məktubda bildirilib ki, Qəbələ musiqi festivalı yenidən öz qapılarını iştirakçıların və qonaqların üzünə açır. Bizim festival Azərbaycanın ən gözəl guşələrindən biri olan Qəbələdə keçirilir. Bu gün qala divarlarının və məbədlərin qalıqları bu şəhərin qədim zamanlarda əfsanəvi dövlətin-Qafqaz Albaniyasının paytaxtı olduğunu xatırladır. Məhz Qafqaz Albaniyası dövründə tolerantlıq ənənələrinin və mədəniyyətlərin qarşılıqlı zənginləşdirilməsinin təməli qoyulub.


Məktubda daha sonra deyilir: Böyük İpək Yolu Azərbaycan ərazisindən keçəndə bu ənənələr öz inkişaf mərhələsinə qədəm qoymuşdu. Bu gün həmin ənənələrin sayəsində Azərbaycan Avropa və Şərq arasında mədəniyyətlərarası körpü rolunu oynayır.


Heydər Əliyev Fondunun prezidentinin təbrik məktubunda qeyd edilir ki, Qəbələ festivalı səhnəsində həm Avropa klassik musiqisi, həm də ənənəvi Azərbaycan musiqisi və onun incisi- hələ 2003-cü ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən muğam səslənir.


Ənənəvi hal alan bu festival musiqi tədbiri üçün qısa bir müddətdə əsas məqsədə nail olub. Qəbələ bütün musiqiçilərin, tamaşaçıların, sənətsevərlərin tanınmış və sevimli görüş yerinə çevrilib.


Меhriban xanım Əliyeva festival iştirakçılarına təbrik məktubunu bu sözlərlə bitirir: Əminəm ki, indiki festival sərhəd və rəqabət tanımayan musiqi dünyasında bizə gözəl birlik hissi bəxş edəcək daha bir bayrama çevriləcəkdir. Bütün iştirakçılara və qonaqlara uğurlar və festivalımızın heyranedici mühitində xoş ünsiyyət arzulayıram.


Mərasimdə Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək festivalda iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gəlmiş bütün qonaqları, istedadlı ifaçıları, musiqiçiləri salamlayıb, onlara təşəkkürünü bildirib. F. Heydərov хeyli vaxtdır ki, bu festivala yüksək səviyyədə hazırlıq işlərinin görüldüyünü qeyd edib. O həm də qeyd edib ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir.


Qeyd edilib ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq gözəl bir ənənəyə çevrilib. Bu festival günləri səhnədə dahi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər bu səhnəyə çıxırlar. Burada klassik və kamera musiqisi, muğamlarımız ifa olunur.

Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir və Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir. Beynəlxalq muğam festivalı, Mstislav Rostropoviç adına musiqi festivalı, Üzeyir Hacıbəyli, Dmitri Şostakoviç, Bülbül kimi dahi bəstəkarlar və ifaçıların yubileylərinə həsr olunmuş festivallar buna əyani misaldır. Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycan və dünya musiqisinin, mədəni dəyərlərin qorunub saxlanılması üçün Heydər Əliyev Fondu tərəfindən atılan növbəti addımdır. Bu festival bütün iştirakçılar, xüsusilə də gənc ifaçılar üçün həddindən artıq önəmlidir.


Tədbirdə həmçinin Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyevin festival iştirakçılarına ünvanlanmış təbrik məktubu oxunub.


Sonra qala-konsert olub. Konsertdə dünya şöhrətli dirijor Yuri Başmetin rəhbərlik etdiyi "Yeni Rusiya" Dövlət Simfonik Orkesrti çıxış edib. Orkestrin çıxışı həm Yuri Başmetin, həm də Xalq Artisti, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü Rauf Abdullayevin dirijorluğu ilə baş tutub.


Orkestr solo ifadan əlavə, dünyanın məşhur vokalçılarından Sergey Leyferkus (bariton), Almaniya Dövlət Operasının solisti Anna Samuil (soprano), İtaliyanın məşhur tenor ifaçısı Massimiliano Pisapia, Rusiyanın violin ifaçısı Alyona Bayevanı da müşayiət edib.


Konsertdə S.Prokofyevin, V.A.Motsartın, Ş.Qunonun, C.Puççininin, J.Bizenin, C.Verdinin, S.Raxmaninovun, A.Pyazollanın, M.Bruxun və Q.Qarayevin əsərləri ifa olunub.


Məşhur vokalçıların festivaldakı çıxışı açılış mərasiminə toplaşan çoxsaylı tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Bundan əlavə, Rusiyanın məşhur "Terem kvarteti"nin üzvləri Andrey Konstantinov (kiçik dorma), Aleksey Barsev (domra alt), Andrey Smirnov (bayan), Mixail Dyudze (balalayka-kantrabas) maraqlı konsert proqramı ilə çıxış ediblər.


Tədbiri izləyənlər arasında ölkəmizdə səfərdə olan Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Kelemen, Milli Məclisin deputatları, dövlət və hökumət nümayəndələri olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com