Yusif Şeyxov: “Bu ilki festivallarda daha çox gənclərin çəkdiyi filmlər nümayiş etdirilib

Yusif Şeyxov: “Bu ilki festivallarda daha çox gənclərin çəkdiyi filmlər nümayiş etdirilib

Cari ilin 6 ayı ərzində 7-8 filmin premyerası keçirilib. Bu filmlərin sırasına "Əlavə təsir", "Buta", "İlahi məxluq", "Vəkil hanı?", "Tərsinə çevrilmiş dünya" bədii filmləri, "Onun ürəyi" qısa metrajlı musiqili nağıl bədii filmi aiddir. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni çəkilən filmlərə həmçinin, Oqtay Mirqasımovun çəkdiyi "Qisas almadan ölmə", eyni zamanda Elxan Cəfərovun ssenarisi əsasında çəkilən "Dolu" bədii filmidir: "Bununla yanaşı, Mirzə Fətəli Axundovun 200 illik yubileyinə həsr olunan filmin hazırlıq işləri də davam edir. Nikuli Qusmanın ekranlaşdırdığı "Qorxma mən səninləyəm" , Salnamə kino studiyasında rejissor Samir Kərimoğlunun hərbi vətənpərvərlik mövzusunda çəkdiyi "Mən evimə qayıdıram" filmi başa çatmaq üzrədir. Bununla yanaşı, Mirbala Səlimov Rusiya ilə birgə "Qırmızı bağ" filmini çəkəcək".

Təbii ki, bu müddət ərzində çəkilən filmlərdən festivallarda nümayiş olunanlar da var deyən Y. Şeyxov: "Bu ilki festivallarda daha çox gənclərin çəkdiyi filmlər nümayiş etdirilib. Misal olaraq qısametrajl film olan "Bir addım" buna bariz nümunədir",- deyə əlavə edib.

Sektor müdiri onu da vurğulayıb ki, çəkilən filmlərimizin əksəriyyəti Fransa, Çexiya, Danimarka, ABŞ, Rusiya, Ukrayna, Latviya, Gürcüstan, Tatarıstan, Almaniya və bir çox ölkələrdə festivallarda nümayiş etdirilib: "Sənədli filmlərdən olan Ziya Şıxlınskinin "Qəlbin rəngləri", Şamil Əliyevin "İz qala" filmləri də bir çox festivallarda iştirak edib. Sadaladığım filmlərin bir çoxu dövlət sifarişi ilə çəkilib. Ancaq bir çox filmlər var ki, onlar özəl kinostudiyalarda çəkilir. Bu filmlərə misal olaraq "Buta", "İlahi məxluq" filmlərini misal göstərmək olar. Adıçəkilən filmlərin nümayişi payızda nəzərdə tutulur. Bəziləri isə yeni film olmasına baxmayaraq televiziyalarda nümayiş edilib".


Bütün xəbərlər Facebook səhifəmizdə