Müslüm Maqomayevin Bakıda barelyefinin təntənəli açılış mərasimi keçirilib- FOTOSESSİYA
Bu gün Azərbaycanın görkəmli və dünya şöhrətli müğənnisi Müslüm Maqomayevin Bakıda yaşadığı binanın (Fikrət Əmirov, 1) üzərinə vurulan barelyefinin təntənəli açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, üzərində görkəmli sənətkarın əksi olan barelyefin müəllifi xalq rəssamı Ömər Eldarovdur.
Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, sənətkarın həyat yoldaşı Tamara Sinyavskaya, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Rusiyada yaşayan azərbaycanlı biznesmen və müğənni Emin Ağalarov, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, rejissor Eldar Quliyev və digər tanınmış simalar iştirak ediblər. Mərasim Müslüm Maqomayevin ifasında "Azərbaycan" mahnısının sədaları altında başlanıb.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev barelyefin bu gün açılmasını tarixi hadisə kimi qeyd edib: \"Bu lövhə Azərbaycan xalqının, mədəniyyətinin və XX əsrin ən parlaq nümayəndələrindən birinin əksidir. Lövhənin qarşısından keçən hər bir kəs öz Azərbaycan mədəniyyətinə müəyyən qədər aidiyyyatı olan bir şəxs kimi fəxr edəcək. M. Maqomayev Azərbaycan mədəniyyətinin ayrılmaz bir parçasıdır\".
Nazir həmçinin bu barelyefin açılışının bu günə salınmasının səbəbini açıqlayıb: "Bu gün çox sevimli insanımız, Müslüm müəllimin ömür-gün yoldaşı Tamara xanımın ad günüdür. Bu barelyef Tamara xanıma bir hədiyyədir. Müslüm Maqomayev Azərbaycanın daima yaşayacaq sənətkarıdır. Onun səsi heç zaman qulaqlarımızdan getməyəcək və bu səs bizə hər zaman zövq verəcək".
Müslüm Maqomayevin böyük sənətkar olduğunu qeyd edən Fərhad Bədəlbəyli, 2012-ci ildə sənətkarın anadan olmasının 70-ci ildönümünün olacağını diqqətə çatdırıb. F.Bədəlbəyli bildirib ki, o bu yubileyin yüksək səviyyədə və M.Maqomayevin adına layiq keçiriləcəyinə əmindir.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin isə deyib ki, Müslüm Maqomayev Azərbaycan və Rusiya dostluğunun simvollarından biridir. Səfir sənətkarın Rusiyada çox sevildiyini vurğulayıb: "Mən az yaşlarımdan Müslümün səsi ilə böyümüşəm. Hər zaman onun səsinə vurğun olmuşam və biz heç birimiz Müslümü özümüzə yad hesab etmirik, Müslüm bizim üçün çox doğmadır".
Sənətkarla uzun illər dostluq etmiş xalq artisti Eldar Quliyev isə çıxışına "Müslüm, evinə xoş gəlmisən" sözləri ilə başlayıb. O, M. Maqomayevin hər zaman ürəklərdə yaşayacağını vurğulayıb.
Xalq artisti Xuraman Qasımova da sənətkarla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Barelyefin müəllifi Ömər Eldarov M. Maqomayevin sənətinin ən pik nöqtədə olduğunu deyərək bu işin onun adı ilə bağlı olmasından şərəf duyğunu vurğulayıb.
Mərasimin sonunda çıxış edən Tamara Sinyavskaya Müslüm Maqomayevin heç zaman unudulmadığından və onun adının daima yüksək tutulduğundan məmnun olduğunu dilə gətirib: "Bu ünvan mənim həyatımdır. Həyatımda heç bir şeyi unuda bilmərəm. Çox sevinirəm ki, Müslüm hər zaman böyük hörmətlə anılır. Buna görə şəxsən ölkə başçısı İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıq edirəm".
Mərasim sənətkarın ifasında "Azərbaycan" mahnısının sədaları altında və gurultulu alqışlarla başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB