Emil Əfrasiyaboğlu: “Montre Caz Festivalında yüksək nəticə göstərəcəyimə inanıram”
"Azərbaycanı Montre Caz Festivalında ən yüksək səviyyədə təmsil etmək üçün əlimdən gələni edəcəyəm. Bu, hər birimizin borcudur, çünki biz Azərbaycan gənciyik. Hesab edirəm ki, əsas məsələ yer tutmaq yox, orada iştirak etmək və ölkəmizi layiqincə təmsil etməkdir". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanı məşhur "Montreux Jazz Festival-2011"də təmsil edəcək istedadlı pianoçu Emil Əfrasiyaboğlu deyib.
Pianoçu Montre Caz Festivalında iştiraka özü qərar verib və lazım olan sənədləri festival təşkilatçılarına göndərib: "Düşündüm ki, bu festivalda iştirakım yaxşı olardı. Diskimi və bütün lazımi sənədlərimi göndərdim. Nəticələri biləndə çox sevindik. 660 pianoçudan cəmi 10 nəfər müsabiqədə iştirak hüququ qazanıb. 10 nəfərin içində Azərbaycan təmsilçisi olaraq mən də varam. İştirakçılar arasında Kuba, Kanada, Ermənistan, Rusiya, Polşa pianoçuları da var".
E. Əfrasiyaboğlu bildirib ki, festival iki mərhələdən - birinci yarımfinal və finaldan ibarətdir. Azərbaycanlı təmsilçi iyulun 6-da yarımfinal mərhələsində çıxış edəcək. Final iyulun 7-də olacaq.
İsfar Sarabskinin uğurunu təkrarlayıb-təkrarlamayacağına gəlincə, pianoçu buna çalışacağını söyləyib: "Biz Azərbaycan vətəndaşıyıq. İstər İsfar Sarabski olsun, istər başqa pianoçu, Azərbaycanı təmsil edirsə, tanıtdırırsa, bu, şəxsən onun deyil, Azərbaycanın qələbəsidir. Bildiyiniz kimi, İsfar Sarabski və Şahin Növrəsli bu müsabiqədə iştirak ediblər. Şahin Növrəsli Avstriya iştirakçısı ilə ikinci, İsfar Sarabski isə Gürcüstan pianoçusu ilə birinci yeri bölüşdürüb. Hər halda mən də yüksək nəticə göstərəcəyimə inanıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB