Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” muğam-operası ilk dəfə açıq havada nümayiş etdirilib- FOTOSESSİYA
İçəri şəhər Şirvanşahlar Sarayında "İpək Yolu" II Beynəlxalq Musiqi Festivalının rəsmi açılışı ilə əlaqədar 22 il fasilədən sonra Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" muğam-operası ilk dəfə açıq havada nümayiş etdirilib. SİA-nın məlumatına görə, muğam operası Azərbaycan Dövlət Opera və Balet Teatrının solistlərinin iştirakı ilə həyata keçirilib.
Açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva festivalın əhəmiyyətindən danışıb. Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə isə festivalın iyulun 1-nə kimi davam edəcəyini və maraqlı proqram hazırlandığını qonaqların diqqətinə çatdırıb.
22 ildən sonra "Əsli və Kərəm"ə yenidən səhnə həyatı verən rejissor, əməkdar incəsənət xadimi Hafiz Quliyev XX əsrin əvvəllərində dahi Üzeyir bəyin yazdığı bu operanı bərpa etməyin məsuliyyətli iş olduğunu söyləyib: "Şəkidə keçirilən I İpək Yolu Festivalında Karvansarayda açıq hava altında "Leyli və Məcnun" və "Şah İsmayıl" operalarını ixtisarla nümayiş etdirmişdik. Bu gün də "Əsli və Kərəm" operası qədim Şirvanşahlar Sarayında nümayiş olunur və fikrimcə, bu hadisələrin həmin yerdə baş verməsi ilə mifik bir bağlılığı var".
Müxtəlif illərdə fərqli rejissorlar tərəfindən bu əsərlərə müraciət olunduğunu vurğulayan H. Quliyev, hər dəfə qoyulan tamaşalarla maraqlandığını deyib: "O dövrə uyğun səhnələşdirilmiş tamaşadır, sözsüz ki, həmin tamaşanı bu günə köçürmək olmaz. Çalışıram ki, bu ənənəni pozmayım və bu günün tələblərinə uyğun tamaşalar hazırlayım. Ən əsası tamaşaçıların zövqünü oxşamaqdır".
Rejissor qeyd edib ki, tarixdə ilk dəfə olaraq "Əsli və Kərəm" operası açıq hava altında nümayiş olunur. Operada Əsli partiyasını Vüsalə Musayeva, Kərəm partiyasını İlkin Əhmədov, Qara Keşiş partiyasını isə xalq artisti Şahlar Quliyev ifa edib. Musiqi yozumuna və əsas süjet xəttinə dəymədən opera bir saatlıq hazırlanıb. Operanın nümayişindən sonra xarici qonaqlar və yerli tamaşaçılar ifaçıları ayaq üstə alqışlayıblar.
Kərəm obrazında çıxış edən Opera və Balet Teatrının solisti İlkin Əhmədov vurğulayıb ki, neçə illik fasilədən sonra ilk dəfə açıq havada nümayiş olunan əsərdə baş rolu ifa etmək çox məsuliyyətli işdir: "Havanın belə şıltaq olması bir az həyəcan hissini daha da artırır. Lakin inanıram ki, bu işin öhdəsindən layiqincə gələcəyəm".
Qeyd edək ki, operanın ilk tamaşası 1912-ci ildə Bakıda Opera və Balet Teatrında nümayiş etdirilib. Tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru Üzeyir Hacıbəyli olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB