Fidan Hacıyeva İtaliya tamaşaçılarının rəğbətini qazanıb

Fidan Hacıyeva İtaliya tamaşaçılarının rəğbətini qazanıb

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyeva İtaliyada səfərdədir. Fidan Hacıyeva SİA-ya açıqlamasında bildirib ki, vokal sənətinin vətəni sayılan İtaliya səhnəsində Puççininin "Sour Angelica" operasında əsas partiyanı ifa edib.

Əməkdar artist operanın nümayişinin çox uğurla baş tutduğunu bildirib və İtaliya tamaşaçılarının böyük rəğbətini qazandığını deyib: "Çox xoşbəxtəm ki, Azərbaycanı bu cür uğurlu təmsil etmək şansı qazanmışam. İnşallah La-Skaladan da sizləri salamlayacağam. Buna artıq daha da yaxınam və bunun üçün əlimdən gələni edirəm".

F.Hacıyeva onu da qeyd edib ki, İtaliyada səfər müddətində artıq ilk konsertdə çıxış etmək təklifi alıb. Bu konsertlərdən biri Roma, digəri isə Milanda baş tutacaq. Konsertlərin iyulun ortalarında keçirilməsi nəzərdə tutulur. F.Hacıyevanın bu dəfə ki, İtaliya səfəri iyulun 27-də yekunlaşacaq. Sözügedən konsertlərdə çıxış etmək üçün isə iyulda yenidən İtaliyaya gedəcək.

Məlumat üçün bildirək ki, İtaliyanın Rimini şəhərinin opera səhnəsində çıxış edən ilk azərbaycanlı ifaçı da məhz Fidan Hacıyeva olub.

Operanın nümayişi iyunun 26-na kimi davam edəcək. Əvvəlcə Rimini şəhərində göstərilən opera Katolika, Fano, Pesaro, Bolonya, Cesena, Forli, Cento şəhərlərində də nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə