Badamdar Qəsəbə Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən "Gənc turist" klubu iyul ayından etibarən "Azərbaycan tarixi - arxeoturizm" layihəsinin həyata keçirilməsinə başlayacaq.
Bu barədə SİA-ya klubun rəhbəri Cəfər Mənsimi məlumat verib. Onun sözlərinə görə, layihənin keçiriləcəyi iki ay ərzində gənclər və yeniyetmələr üçün arxeoloji turlar təşkil ediləcək: "Məqsəd gənc nəsli ölkəmizdə aparılan arxeoloji qazıntılarla tanış etmək və bu yolla vətənimizin tarixini dərindən öyrənməyə kömək etməkdir. Arxeoloji turizm layihəsinə qatılanlar qruplara bölünərək həftədə bir dəfə bir neçə arxeoloji düşərgəyə baş çəkəcək, oradakı işlərlə tanış olacaq, arxeoloqlarla və tarixçilərlə görüşəcəklər. Turlar zamanı çəkilən fotoşəkillər internetdə yerləşdiriləcək, sosial şəbəkələrdə yayımlanacaq".
Layihə ilə bağlı Bakı Şəhəri Mədəniyyət və Turizm İdarəsinə müraciət olunduğunu qeyd edən Cəfər Mənsimi vurğulayıb ki, müraciətə müsbət cavab verilərsə, layihəyə iyul ayının 1-dən start veriləcək və səkkiz həftə ərzində hər həftənin istirahət günləri Azərbaycanın müxtəlif yerlərinə səfərlər təşkil ediləcək.
Bu qəbildən ilk səfərin MİRAS İctimai Birliyinin təşəbbüsü ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə layihəsi əsasında qədim Ağsu şəhəri ərazisində aparılan irimiqyaslı qazıntı sahəsinə edilməsi nəzərdə tutulub.
Sonda görülən işləri əks etdirən kitab-kataloq hazırlanacağı planlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB