“Üzeyir işığında” kitabının təqdimatı keçirilib

“Üzeyir işığında” kitabının təqdimatı keçirilib

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) əməkdar incəsənət xadimi Sərdar Fərəcovun "Üzeyir işığında" kitabının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbir açan ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə dahi Üzeyir Hacıbəyliyə həsr olunan "Üzeyir işığında" kitabını yüksək sənətkarlıqla yazılan nadir kitab kimi dəyərləndirib.

F.Əlizadə bildirib ki, bəstəkar Sərdar Fərəcov musiqişünas kimi elmi yaradıcılığının böyük hissəsini məhz Üzeyir Hacıbəyli irsinə həsr edib.

Kitabın müəllifi S.Fərəcov Ü.Hacıbəylinin ev-muzeyinin arxivində, dahi bəstəkarın öz əli ilə yazdığı bir çox əlyazmaların hələ də geniş musiqi ictimaiyyətinə çatdırılmadığını bildirib. Müəllif vurğulayıb ki, toplanmış əlyazmalar içərisində nadir sənət nümunələri - esselər, resenziyalar, müxtəlif əsərlər haqqında bəstəkarın düşündükləri neçə illərdən sonra da çox dəyərli və aktualdır.

Daha sonra çıxış edən əməkdar incəsənət xadimi, bəstəkar Rauf Əliyev, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorları İmruz Əfəndiyeva, Zemfira Qafarova və başqaları kitabın ərsəyə gəlməsində böyük əməyi olan S.Fərəcova minnətdarlıqlarını bildirib və nəşrin akademiyada dərs vəsaiti kimi tədris olunması təklifini irəli sürüblər.

Tədbirdə Bakı Musiqi Akademiyasının professorları Ülviyyə Hacıbəyova və Yeganə Axundova bəstəkarın musiqilərindən parçalar ifa ediblər. Sonda S.Fərəcovun ssenarisi əsasında rejissor Tahirə Hüseynovanın ərsəyə gətirdiyi və Ü.Hacıbəyliyə həsr edilmiş "Əbədi iftixarımız" sənədli filmi nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə