“Eşq və ölüm”ün tamaşası göstəriləcək

“Eşq və ölüm”ün tamaşası göstəriləcək

Sentyabrın 19-da Üzeyir Hacıbəyli festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkar Polad Bülbüloğlunun "Eşq və ölüm" baletinin tamaşası keçiriləcəkdir. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tamaşanı Yekaterinburq Dövlət Opera və Balet Teatrının balet truppası təqdim edəcəkdir.

Qeyd etmək lazımdır ki, "Eşq və ölüm" baleti ilk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru, baletmeyster Vakil Usmanov tərəfindən səhnəyə qoyulmuşdu (quruluşçu-rəssam – Azərbaycanın Xalq Rəssamı Rafiz İsmayılov).

"Eşq və ölüm" baleti məşhur "Dədə Qorqud" dastanının motivləri əsasında qələmə alınmış, həyat və ölüm, əbədi məhəbbət, dostluq, xəyanət kimi əbədi mövzulardan bəhs edir.

Tamaşanın Bakı premyerası böyük uğurla baş tutmuşdu və elə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası həmin tamaşanı Mariinski adına Sankt-Peterburq Akademik Opera və Balet Teatrında, daha sonra Moskvada Böyük Teatrın səhnəsində nümayiş etdirmişdi. Həmin günlərdə Rusiyanın KİV-ləri və yaradıcı ziyalıların ən görkəmli nümayəndələri tamaşanın bədii səviyyəsi haqqında yüksək fikirlər söyləyir və bu baleti həm Azərbaycanın, həm də Rusiyanın mədəni həyatında önəmli bir hadisə kimi qiymətləndirdilər.

2010-cu ildə istedadlı xoreoqraf Nadejda Malıqinanın təşəbbüsü ilə "Eşq və ölüm" baleti Yekaterinburq Dövlət Opera və Balet Teatrında səhnəyə qoyuldu və premyera uğurla baş tutdu. N.Malıqina öz quruluşunda xoreoqrafiya sənətinin müxtəlif stil və istiqamətlərinə müraciət etmiş, başqa teatr janrlarına məxsus vasitələrdən belə istifadə etmişdi. Azərbaycan milli rəqsləri, klassika, modern – baletin məzmununa uyğun olaraq quruluşda dəqiq həllini tapmışdı.

2011-ci ildə Yekaterinburq teatrı bu tamaşanı Dövlət Akademik Böyük Teatrının səhnəsində, sonra isə Türkiyənin Ankara şəhərində göstərmişdi. Tamaşalar anşlaqla baş tutmuş və Türkiyə və Rusiyanın KİV-də müsbət rəy qazanmışdı.

Daha bir faktı xüsusilə qeyd etmək lazımdır. Bu baletdən ayrı-ayrı musiqi parçaları hər il keçirilən Münhen opera sənəti festivalında festivalın musiqi rəhbəri Korneliya Kerssenbrofkun idarəsi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri tərəfindən ifa olunur.

Sentyabrın 19-da Bakıda "Eşq və ölüm" baletinin Yekaterinburq Opera və Balet Teatrının truppası tərəfindən nümayişi, heç şübhəsiz ki, geniş tamaşaçı auditoriyası toplayacaq və ölkəmizin və Rusiyanın mədəni həyatında əlamətdar hadisəyə çevriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə