"Azərbaycan Yazıçılar Birliyi peşəkar yaradıcı qurumlardan biridir" - ŞƏRH EDİLDİ

"İctimai birliklər, QHT-lər və fondlarla bağlı mövcud qanunvericiliyə əsasən, hər bir təşkilat öz sıralarında birləşdirdiyi könüllülərdən və üzvlərdən üzvlük haqqı tələb edə bilər. Bu, onların nizamnamələrində də təsbit olunur və dünyada geniş tətbiq edilən praktikadır. Dünyanın müxtəlif ölkələrində yaradıcı birliklər, ictimai təşkilatlar və könüllü qurumlar fəaliyyətlərini davam etdirmək, nizamnamədən irəli gələn öhdəlikləri yerinə yetirmək üçün üzvlük haqları, qrantlar, ianələr və bağışlar toplayırlar". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultoloq, sosioloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, bu məqsədlə konsertlər, tədbirlər və müxtəlif sosial layihələr təşkili də qanunvericiliyə tam uyğundur: "Azərbaycan Yazıçılar Birliyi də peşəkar yaradıcı qurumlardan biridir və uzun illərdir dövlət tərəfindən dəstəklənir. Cənab Prezidentin sərəncamı ilə həm təşkilatın fəaliyyəti, həm də yaradıcı gənclərin işlərini təqdim edən nəşrlər dövlət büdcəsi hesabına maliyyələşir. Lakin bu, o demək deyil ki, dövlət yazıçılar birliyinin bütün xərclərini qarşılamalıdır. Dövlət şəraiti yaradır, lakin təşkilatın gündəlik fəaliyyətinin, üzvlərə dəstəyin və sosial yönlü öhdəliklərin yerinə yetirilməsi üçün əlavə resurslara ehtiyac yaranır. Məsələn, yaşlı nəsil nümayəndələrinə xəstəlik zamanı dəstək verilməsi, yazıçı və şairlərin vəfatı halında dəfn məsələlərinə kömək olunması, yubileylərin keçirilməsi və digər sosial funksiyalar təşkilatın öz resursları hesabına həyata keçirilir. Bunun üçün də Yazıçılar Birliyinin nizamnaməsində nəzərdə tutulduğu kimi minimal illik üzvlük haqqı toplanır - bu məbləğ 15 manatdır. İllərdir birlik üzvlərinə bu ödənişlə bağlı müraciətlər edilir, lakin təəssüf ki, bir çox üzv tərəfindən bu məsuliyyət yetərincə yerinə yetirilmir.

Əslində, üzvlük haqqı məsələsi təkcə Yazıçılar Birliyinə aid deyil. Dünyanın inkişaf etmiş ölkələrində yaradıcı qurumlara milyarderlərdən tutmuş sadə vətəndaşlara qədər hər kəs ianə edir. Təhsil, səhiyyə, beyin mərkəzləri, fondlar və mədəniyyət qurumları üçün böyük həcmdə vəsaitlər ayrılır. Azərbaycanda bu mədəniyyət hələ tam formalaşmayıb. İnsanlar çox vaxt dövlət qrumlarından bir çox xidməti pulsuz tələb edir, lakin özləri qurumların fəaliyyətinə maddi dəstək göstərmirlər. Üzvlük haqqını ödəməkdən imtina edənlərin bir hissəsi bunu iqtisadi səbəblərlə izah edir. Bir neçə halda vəfat etmiş şəxslərin də adlarının siyahılarda qalması narazılığa səbəb olub, lakin bu, təşkilatın niyyəti ilə bağlı deyil. Üzvün vəfatı barədə məlumat rəsmi qaydada bildirilmədikdə, onun adı siyahıda qalır və bu da texniki məsələdir.

Yazıçılar Birliyi kimi qurumlar dövlət qarşısında hesabatlıdır və mərkəzi ofisin saxlanması, əməkdaşların maaşları, nəşrlər, tədbirlər, sosial layihələr və digər xərclər ciddi resurslar tələb edir. Əgər üzvlük haqları və ianələr toplanmasa, bu fəaliyyətlərin davamlılığını təmin etmək mümkün olmaz. Bu səbəbdən üzvlük haqqının tələb olunması qanuni, legitim və təşkilatın yaşaması üçün zəruri hesab olunur.

Beləliklə, məsələ əslində qalmaqal predmetinə çevriləcək mövzu deyil. Çünki nizamnaməyə əsasən üzv olan şəxslər həmin nizamnamənin tələblərini də yerinə yetirməlidirlər. Üzvlük haqqını ödəməkdən imtina edən şəxsin təşkilata hansı formada fayda verəcəyi sual altındadır. Üzvlük həm hüquq, həm də öhdəlik deməkdir və bu prinsiplərə əməl olunması şəffaf, sivil və davamlı ictimai fəaliyyətin əsas şərtidir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə