Mədəniyyət naziri Adil Kərimli Düşənbədə tacik həmkarı ilə görüşüb - FOTOLAR
Mədəniyyət naziri Adil Kərimli Düşənbədə tacik həmkarı ilə görüşüb. SİA xəbər verir ki, 19-22 may tarixlərində Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir.
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirlə əlaqədar nazir Adil Kərimlinin rəhbərlik etdiyi geniş nümayəndə heyəti Düşənbədə səfərdədir.
Tacikistan Milli Kitabxanasında mədəniyyət naziri Adil Kərimli ilə tacik həmkarı xanım Matlubaxon Sattoriyen arasında mayın 20-də ikitərəfli görüş keçirilib.
Əvvəlcə nazirlər Tacikistan Milli Kitabxanası ilə tanış olublar. Kitabxananın tarixi və nadir əlyazmaların qorunduğu fond haqqında ətraflı məlumat verilib.
Görüşdə çıxış edən M.Sattoriyen Azərbaycan Mədəniyyəti Günlərini iki xalqı daha da yaxınlaşdıran mədəni hadisə kimi səciyyələndirib.
Xanım nazir ötən ilin may ayında Azərbaycanda keçirilən Tacikistan Mədəniyyəti Günlərinin yüksək səviyyədə gerçəkləşməsinə göstərdiyi dəstəyə, keçirilən səmərəli görüşlərə görə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
Adil Kərimli Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Tacikistan tərəfinə təşəkkürü bildirib.
Qeyd olunub ki, iki ölkənin dövlət başçılarının səmimi dostluq münasibətləri Azərbaycan və Tacikistan arasında əlaqələrin hərtərəfli inkişafında müstəsna əhəmiyyətə malikdir.
Prezidentlər İlham Əliyev və İmoməli Rəhmon tərəfindən 2024-cü ilin mayın 23-də Bakıda “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanması dost ölkələrimizin əməkdaşlığının zirvəyə yüksəlməsinin göstəricisidir.
A.Kərimli iki ölkə arasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu deyib. Qeyd edib ki, Azərbaycanın Düşənbədəki səfirliyi də mədəni əlaqələrin inkişafı üçün davamlı dəstək göstərir. Vurğulanıb ki, Azərbaycan tərəfi kinematoqrafiya, kitabxana, mədəni irs və digər sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır.
Bu günlərdə Bakıda ICESCO-nun regional ofisinin açıldığını diqqətə çatdıran A.Kərimli ofisin Azərbaycanla yanaşı, Mərkəzi Asiya respublikalarının, o cümlədən Tacikistanın da qurumla əməkdaşlığını koordinasiya edəcəyini deyib.
Söhbət zamanı Azərbaycanın Laçın şəhərinin 2025-ci ildə "MDB-nin mədəniyyət paytaxtı" statusunu yerinə yetirdiyi bildirilib, Tacikistan tərəfi iyun ayının əvvəlində Laçında keçiriləcək "paytaxt ili"nin açılış tədbirinə dəvət edilib.
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, birgə foto çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə